AZ

Azərbaycan lideri: "Ölkəmizdə ilk dəfə Xizək üzrə Dünya Kuboku keçiriləcək"

AzVision.azxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı əsnasında söyləyib:

"Təkcə onu demək kifayətdir ki, birinci "Formula 1" yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir".

Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir:

"Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir"

AzVision.az
Seçilən
51
1
azvision.az

2Mənbələr