AZ

Akademik Zemfira Səfərovanın elmi irsinə sanballı töhfə

Bakı, 26 dekabr, AZƏRTAC

Bu yaxınlarda Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” adlı yeni kitabı nəşr olunaraq ictimaiyyətə təqdim edilib. Uzun müddətdir gözlənilən bu elmi-tədqiqat işi müəllifin yüksək məsuliyyət hissi və özünə qarşı tələbkarlığının nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Memarlıq və İncəsənət İnstitutu Musiqi folkloru şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli söyləyib. O bildirib ki, kitab ölkəmizdə və onun hüdudlarından kənarda tanınan görkəmli musiqişünas alim, akademik Zemfira Səfərovanın çoxşaxəli elmi yaradıcılığına həsr olunub. Onun irsi geniş, mövzu dairəsi isə olduqca əhatəlidir. Bu baxımdan belə bir şəxsiyyətin yaradıcılığını bütöv elmi sistem halında təqdim etmək müəllif qarşısında böyük məsuliyyət qoyurdu. Ülkər Talıbzadə bu çətin vəzifənin öhdəsindən peşəkarlıqla gələrək, alimin elmi portretini tam şəkildə yarada bilib.

Şöbə müdiri qeyd edib ki, Ülkər Talıbzadə uzun illər AMEA Memarlıq və İncəsənət İnstitutunda Zemfira Səfərovanın rəhbərliyi altında çalışıb, onun elmi məktəbinin yetirməsi kimi formalaşıb. Bu yaxın elmi münasibət kitabın dərinliyi və obyektivliyini təmin edən əsas amillərdəndir.

“Akademik Zemfira Səfərova” kitabı dörd fəsildən ibarətdir. Birinci fəsildə Z.Səfərovanın həyatı, elmi və təşkilati fəaliyyəti, yaradıcılığının əsas mərhələləri müasir Azərbaycan musiqişünaslığı kontekstində təqdim olunur. Müəllif alimin əsərlərindən gətirdiyi sitatlarla onun vətəndaş mövqeyini, milli musiqiyə və mədəniyyətə olan dərin sevgisini ön plana çıxarır.

İkinci fəsil Z.Səfərovanın “Azərbaycanın musiqi elmi” fundamental tədqiqatında musiqi nəzəriyyəsinin əsas problemlərinə həsr olunub. Bu əsər Azərbaycan musiqişünaslığında tarixi, elmi və mənbəşünaslıq baxımından mühüm mərhələ kimi dəyərləndirilir.

Üçüncü fəsildə Üzeyir Hacıbəylinin musiqi və elmi irsinin tədqiqində Z.Səfərovanın müstəsna rolu araşdırılır. Qeyd olunur ki, alimin 55 kitabından 16-sı məhz Ü.Hacıbəyli irsinə həsr edilmişdir və bu mövzu onun yaradıcılığının aparıcı xəttini təşkil edir.

Dördüncü fəsildə isə Z.Səfərovanın Şərq musiqisi, Qara Qarayev irsi və musiqişünaslığın aktual problemlərinə dair tədqiqatları təhlil olunur, 2020–2025-ci illərdə əldə etdiyi elmi nailiyyətlər ümumiləşdirilir”, -deyə müsahibimiz bildirib.

O əlavə edib ki, kitabın “Nəticə” bölməsində Z.Səfərovanın elmə gətirdiyi “ilklər” sistemli şəkildə təqdim edilir. Burada onun üzeyirşünaslıq, mənbəşünaslıq, musiqi irsinin akademik nəşri və beşcildlik “Azərbaycan musiqi tarixi”nin yaradılmasındakı tarixi xidmətləri xüsusi vurğulanır.

“Ümumilikdə Ülkər Talıbzadənin bu monoqrafiyası elmi dəyəri, səlis dili və müəlliminə olan dərin ehtiram hissi ilə seçilən samballı tədqiqat işidir. Kitab Azərbaycan musiqişünaslığı üçün mühüm elmi hadisə olmaqla yanaşı, gələcək araşdırmalar üçün də etibarlı mənbədir”, - deyə İradə Köçərli fikrini yekunlaşdırıb.

Seçilən
34
2
azertag.az

3Mənbələr