Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vasif Qafarov təklif edib ki, Bakıda taksilərə də avtobus zolaqlarından istifadə hüququ verilsin.
Millət vəklinin bu təklifini Redaktor.az-a şərh edən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, dünyanın fərqli ölkələrində bu növ praktika mövcuddur.

"Amma burada vahid rəng, vahid tanınma nişanı kimi tələblər qoyulur. Ona görə də, bütün taksilərin avtobus zolağından istifadə etməsi kimi bir yanaşma yoxdur. Avtobus zolağının üstünlüyü ondan ibarətdir ki, daha çox insanın sürətli hərəkətini təmin edir və Bakıda avtobus zolaqları şəbəkəsi son bir ildə 112 kilometrə çatıb. Avtobuslar bu dəqiqə digər hərəkət növlərinə nisbətən daha sürətlə hərəkət etməyə imkan verir və bu da daha çox insanı avtobusa cəlb edir. Düşünürəm ki, taksilərin avtobus zolağından istifadəsi gələcəkdə mümkün ola bilər, xüsusən də dünyada olan təcrübəyə əsaslanaraq. Yəni hamı yox, yalnız vahid rəngdə və vahid tanınma nişanı olan taksilər. Amma bu, bugünkü məsələsi deyil, gələcək üçün nəzərdə tutula bilər. Hazırda isə minib-düşmə nöqtələri mövcuddur və onların sayı artırılır", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI