AZ

Həkimlər üçün hərbi xidmət dəyişir? – Maaşlı və ixtisasa uyğun….

Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmətinin qısamüddətli, maaşlı və ixtisaslarına uyğun şəkildə təşkili ilə bağlı Milli Məclisdə səsləndirilən təklif cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

Deputat Rəşad Mahmudovun irəli sürdüyü təşəbbüs xüsusilə səhiyyə və hərbi sahədə çalışan mütəxəssislər tərəfindən aktual və vacib məsələ kimi dəyərləndirilir. Deputat çıxışında Türkiyə, İsrail və Cənubi Koreya təcrübəsinə istinad edərək, tibb məzunlarının hərbi xidmətinin müasir yanaşmalar əsasında təşkilinin mümkünlüyünü vurğulayıb.

Üzeyir Cəfərov

Məsələ ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov NOCOMMENT.az-a bildirib ki, tibb təhsili almış şəxslərin sıravi əsgər kimi xidmət etməsi nə ordunun, nə də dövlətin maraqlarına uyğundur.

Onun sözlərinə görə, müasir döyüş əməliyyatlarında və fövqəladə hallarda peşəkar tibbi təminat ordunun döyüş qabiliyyətinə birbaşa təsir göstərir:

“Həkimlərin ixtisaslarına uyğun olaraq hərbi hospital və tibb bölmələrində xidmət etməsi ordunun tibbi sistemini gücləndirər, eyni zamanda peşəkar kadrların potensialından səmərəli istifadə olunmasına imkan verər. Maaşlı və qısamüddətli xidmət modeli həkimlərin motivasiyasını artırmaqla yanaşı, orduda daimi hərbi-tibbi ehtiyat kadr bazasının formalaşmasına şərait yarada bilər”.

Üzeyir Cəfərov vurğulayıb ki, Türkiyə və İsrail kimi ölkələrdə bu model özünü doğruldub və həkimlər hərbi xidmət dövründə həm hərbi nizam-intizamı mənimsəyir, həm də ixtisas bacarıqlarını itirmirlər. Bu isə müharibə və ya fövqəladə vəziyyət zamanı dərhal operativ tibbi yardım göstərmək baxımından mühüm üstünlük yaradır.

Adil Qeybulla

Mövzuya səhiyyə prizmasından yanaşan həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru Adil Qeybulla isə bildirib ki, tibb məzunlarının uzunmüddətli və ixtisasdan kənar hərbi xidmətə cəlb olunması onların peşəkar inkişafına ciddi zərbə vurur:

“Tibb təhsili illərlə davam edən çətin prosesdir və məzunlar dərhal rezidentura və praktiki fəaliyyət mərhələsinə keçməlidirlər. Bir neçə il tibbdən uzaq qalmaq həkimin bilik və bacarıqlarının zəifləməsinə səbəb olur ki, bu da sonradan səhiyyə sistemində keyfiyyət itkisi yaradır. Hazırda ölkənin bir çox bölgəsində həkim çatışmazlığı müşahidə olunur və gənc mütəxəssislərin səhiyyə sistemindən kənarda qalması bu problemi daha da dərinləşdirir. Qısamüddətli və ixtisasa uyğun hərbi xidmət modeli tətbiq olunarsa, həkimlər həm vətən qarşısında borclarını yerinə yetirər, həm də peşə fəaliyyətlərini davam etdirə bilərlər. Bu yanaşma səhiyyə sisteminin davamlılığı baxımından da mühüm əhəmiyyət daşıyır”.

Həkimin sözlərinə görə, maaşlı xidmət mexanizmi həkimlərin sosial təminatını qoruyar və bu sahədə süni maneələrin, eləcə də qeyri-rəsmi yolların qarşısını ala bilər: “Eyni zamanda, hərbi hospital və tibb bölmələrində çalışan gənc həkimlər dəyərli praktiki təcrübə qazanaraq mülki səhiyyəyə daha hazırlıqlı kadrlar kimi qayıdarlar”.

Seçilən
3
nocomment.az

1Mənbələr