AZ

TƏBİB Çinin Fudan Universiteti ilə əməkdaşlıq edəcək

TƏBİB ilə Çinin aparıcı ali təhsil və elmi-tədqiqat mərkəzlərindən biri olan Fudan Universitetinin Zhangjiang İnstitutunun nümayəndə heyəti arasında görüş keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, görüşdə tibb sahəsində elmi-tədqiqat, innovativ tibbi texnologiyalar və qabaqcıl tibbi məhsullar üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Görüş zamanı tibdə rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının səhiyyə sisteminə inteqrasiyası, innovativ diaqnostika və müalicə yanaşmaları, eləcə də Fudan Universitetinin Zhangjiang İnstitutu ilə birgə layihələrin icrası perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr çərçivəsində tibbi testlər və patoloji diaqnostika, innovativ IVD məhsulları, mikrofluidik molekulyar diaqnostika texnologiyaları, süni intellekt əsaslı dərman çatdırılması sistemləri, eləcə də digər tibbi innovasiya və tədqiqat layihələri üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Görüşdə TƏBİB-i İcraçı direktorun müavinləri, innovasiya, rəqəmsal səhiyyə, strateji inkişaf, tibbi sığorta, beynəlxalq əlaqələr, təlim və tədqiqat sahələrinə məsul struktur bölmələrinin rəhbərləri təmsil ediblər. 

Fudan Universitetinin Zhangjiang İnstitutunun nümayəndə heyətinə institutun dekan köməkçisi və biznes direktoru, Azərbaycan üzrə layihə əməkdaşlığı qrupunun rəhbəri Tian Xiaohong başçılıq edib. Nümayəndə heyətinin tərkibində layihə koordinasiyası, süni intellekt və biotibb sahələrində ixtisaslaşmış mütəxəssislər yer alıb.

Tian Xiaohong çıxışı zamanı Fudan Universitetinin Zhangjiang İnstitutunun tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq təcrübəsi və səhiyyə sahəsində innovativ yanaşmaları barədə ətraflı məlumat verib. O, Azərbaycanla tibb sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşün yekununda tərəflər birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiqat sahəsində təcrübə mübadiləsi, innovativ tibbi texnologiyaların tətbiqi və uzunmüddətli strateji tərəfdaşlığın qurulması imkanlarını müsbət qiymətləndiriblər.

Seçilən
15
cebheinfo.az

1Mənbələr