AZ

Deputat: Ukraynada müharibənin bitməsi üçün sülh layihəsi yenidən şəkilləndirilə bilər

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün hazırlanan sülh layihəsi yenidən şəkilləndirilə bilər".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi sülh layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, sənəd ABŞ ilə razılaşdırılsa da, Rusiya tərəfi hələlik rəsmi mövqe bildirməyib:

"Layihə Ukrayna tərəfi ilə razılaşdırılsa da, rəsmi Moskva onu qəbul etməyə bilər. Çünki Kremli qane etməyən bir sıra məsələlər mövcuddur. İlk növbədə onu qeyd etmək lazımdır ki, müharibə başa çatacağı təqdirdə rəsmi Moskva bunu öz qələbəsi kimi təqdim etmək niyyətindədir. Xüsusilə prosesin sonunda əlavə siyasi dividendlər qazanmağa çalışırlar. Bundan başqa, Rusiya Donetsk və Luqanskla yanaşı, Zaporojye və Xerson vilayətlərinin də öz nəzarətində qalmasını tələb edir. Qısası, rəsmi Moskva mövcud təkliflərlə kompromisə getmək istəmir. Zelenski Administrasiyası ölkənin təhlükəsizliyi ilə bağlı təminatlar istəsə də, Rusiya Ukrayna ərazisində NATO və Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi qüvvələrinin yerləşdirilməsinə icazə verməyəcək və neytrallıq statusu tələb edəcək. Bununla yanaşı, iqtisadi məsələlər də var ki, Rusiyanın tələbləri sırasında yer alır".

Deputat vurğulayıb ki, Rusiya siyasi və hərbi mövqeyini möhkəmləndirdikdən sonra danışıqlara getməyə razı ola bilər:

"Rəsmi Moskva Avropa banklarında dondurulmuş aktivlərinin geri qaytarılmasını tələb edəcək. Eyni zamanda, Ukraynanın da dəymiş ziyana görə qarşı tərəfdən təzminat istəməsi gözləniləndir. Putin hərbi və siyasi mövqeyini gücləndirərək danışıqlara razılıq verə bilər. Lakin qeyd olunan səbəblərə görə sülh layihəsi yenidən şəkilləndirilə bilər. Təbii ki, Rusiyanın irəli sürdüyü tələblər Ukrayna üçün qəbuledilən olmayacaq və bu vəziyyət yeni eskalasiyaya, eləcə də müharibənin daha da şiddətlənməsinə gətirib çıxara bilər. Hazırda ABŞ Prezidenti Donald Tramp da sazişin imzalanmasına çalışır. Ancaq Zelenski yaddaşlarda məğlub lider kimi qalmaq istəmir. Nəticədə, təqdim olunan sülh layihəsinin imzalanması real görünmür".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr