AZ

Levon Zurabyan: Ermənistan azərbaycanlaşma təhlükəsi ilə üz-üzədir...

Ter-Petrosyanın partiyasından baş nazirliyə namizəd: ölkənin suverenliyinə təhdidlərin artdığını və daxili siyasətdə “sürünən kapitulyasiya” prosesinin getdiyini bildirib...

Ermənistan mürəkkəb geosiyasi vəziyyətlə qarşı-qarşıyadır.

Poliqon xəbər verir ki, bu barədə dekabrın 26-da jurnalistlərlə görüşdə Ermənistan Milli Konqresinin (EMK) İdarə Heyətinin sədr müavini, partiyadan baş nazir postuna namizəd Levon Zurabyan bildirib. Qeyd edək ki, sözügedən siyasi quruma Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir.

Zurabyanın sözlərinə görə, mövcud vəziyyət Ermənistanın dövlətçiliyi üçün son dərəcə ciddi təhlükə yaradır. O vurğulayıb ki, ölkənin durumu təkcə xarici faktorlarla deyil, eyni zamanda daxili təhdidlərlə də ağırlaşır və bu təhdidlərin başında hazırkı hakimiyyət, xüsusən də baş nazir Nikol Paşinyan dayanır. Onun fikrincə, Ermənistan “sürünən kapitulyasiya” vəziyyətinə düşüb və Azərbaycan hər gün İrəvan qarşısında yeni tələblər irəli sürür.

Levon Zurabyan bildirib ki, bu tələblər sırasında anklavlar məsələsi, “Zəngəzur dəhlizi” adlandırılan layihə, 300 min azərbaycanlının “Qərbi Azərbaycan”a qayıdışı iddiası, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, eləcə də Ermənistan Apostol Kilsəsinə yönəlmiş təzyiqlər yer alır. O qeyd edib ki, bu addımların reallaşması ölkənin suverenliyinə ciddi zərbə vura bilər.

EMK sədr müavini, Paşinyanın sülhə dair verdiyi vədlərə baxmayaraq, real sülhün hələ də təmin olunmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın sülh sazişi altındakı imzası faktiki olaraq mövcud deyil. “Ermənistan azərbaycanlaşma təhlükəsi ilə üz-üzədir və tədricən Azərbaycana tabe olan bir ölkəyə çevrilir. Bununla yanaşı, daxili siyasi həyata da getdikcə avtoritar Azərbaycana xas olan idarəçilik və davranış normaları transfer olunur”, – deyə o vurğulayıb, Levon Zurabyan.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr