"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müdafiə sahəsində əməkdaşlıq əsas prioritet istiqamətlərdən biri olaraq qalır".
SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, TDT daxilində müxtəlif sahələr üzrə yeni əməkdaşlıq layihələrinin icrası davam edir:
“TDT çərçivəsində üzv ölkələr arasında 35-ə yaxın əməkdaşlıq istiqaməti mövcuddur. Bu istiqamətlər arasında müdafiə sahəsində əməkdaşlıq xüsusi yer tutur”.
Ceyhun Bayramov qeyd edib ki, bu çərçivədə türk dövlətləri arasında mütəmadi olaraq birgə hərbi təlimlər keçirilir:
“Belə təlimlərin Azərbaycanda təşkili bütün tərəflərin maraqlarına cavab verəcək. Eyni zamanda, TDT-yə tamhüquqlu üzv olmayan ölkələrin hərbçiləri də bu təlimlərə dəvət oluna bilərlər”.
Nazir vurğulayıb ki, bu təşəbbüslər sülhə xidmət edir və hər hansı narahatlığa əsas yoxdur:
“Bu, sülhə yönəlmiş təşəbbüsdür və biz bunu təşviq edəcəyik. İnanırıq ki, 2026-cı ildə də bu cür təlimlərin keçirilməsi davam edəcək”.