AZ

MilliMəclisçoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib

Milli Məclis "Patent haqqında" qanuna çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Ekologiya.az xəbər verir ki, dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi nəzərdə tutulur.

Bildirilib ki, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması nəzərdə tutulur. Qanun layihəsinə görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.

Eyni zamanda patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi nəzərdə tutulur.

Həmçinin, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər. Hazırkı qanunvericiliyə əsasən Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər. Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır.

Qanun layihəsi patent göstəriciləri üzrə ölkənin beynəlxalq reytinqinin artmasına xidmət edəcək və iddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsində üzləşdikləri texniki çətinlikləri azaldacaq.

Sənəddə vurğulanıb ki, işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcəklər.

Dəyişiklik layihəsi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasını özündə ehtiva edir.

Beləliklə, qanun layihəsi:

- ölkədə ixtira və patent fəallığını yüksəldəcək;

- patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;

- ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddi vəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilən ixtiraların sayının artmasına da müsbət təsir edəcək;

- Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəriciləri yaxşılaşacaq;

- əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanunun aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib.

Layihənin birinci oxunuşdakı variantında isə bu tarix 2026-cı il fevralın 1-dən nəzərdə tutulmuşdu.

Xatırladaq ki, qanun layihəsinə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.

Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Layihədə qeyd edilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

***

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir.

Bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirə keçirilməlidir.

Spiker Sahibə Qafarova isə bu məsələyə növbəti sessiyada baxılacağını söyləyib.

***

Ödənişli parklanma yerlərində sığorta mexanizminin tətbiq edilməməsi müəyyən neqativ hallara səbəb olur.

Bunu Milli Məclisin deputatı Vasif Qafarov parlametin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas problem parklanma üçün ödəniş edildiyi halda, orada nə vaxtsa avtomobilə dəyən zərərə görə heç bir təminat verilmir:

"Ödənişli park yerində saxlanılan avtomobilə başqa şəxs və ya nəqliyyat vasitəsi zərər vurduqda, yaxud güclü külək nəticəsində ağacın avtomobilin üzərinə aşması kimi hallarda parklanma xidməti ödənişli olmasına baxmayaraq, yenə də zərərin ödənilməsi avtomobil sahibinin üzərinə düşür. Bu da həm istehlakçı hüquqlarının pozulmasına, həm də göstərilən xidmətin mahiyyətinin formaldan kənara çıxmasına səbəb olur. Bu kimi vəziyyətdə vətəndaşın ödədiyi xidmət haqqının mahiyyətinə uyğun təminat ala bilməməsi ilə nəticələnir, sığorta mexanizminin tətbiqini daha da zəruri edir".

V.Qafarov əlavə edib ki, mövcud vəziyyət həm sosial narazılıq yaradır, həm də ödənişli parklanma sisteminə olan ictimai etimadı zəiflədir:

"Hesab edirəm ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Təklif edirəm ki, ödənişli parklanma xidmətləri üzrə avtomobillərin təhlükəsizliyinə dair məsuliyyət qanunvericilikdə aydın şəkildə təsbit edilsin. Həmçinin, parklanma haqqına minimal sığorta komponenti inteqrasiya edilsin və sürücülərlə bağlanan parklanma müqavilələrinə sığorta şərtləri açıq şəkildə daxil edilsin".

Deputat həmçinin Bakıda rəsmi qeydiyyatı olan taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsini də təklif edib.

***

Milli Məclis qanunvericilikdə "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunmasını son oxunuşda qəbul edib.

Bununla bağlı müvafiq qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Mövcud qanunvericiliyə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib. Lakin Ailə Məcəlləsində, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.

Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı ismin müvafiq hallarında "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit edilir.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunmuş zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Seçilən
20
ekologiya.az

1Mənbələr