AZ

Ağ Evin gündəm oyunu: Buş Putin məxfi danışıqları niyə indi açıqlanır? (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Buş və Putin arasında 20 il öncə aparılan məxfi danışıqların indi ictimailəşdirilməsi bir çox suallara səbəb olur. Niyə məhz, indi bu sənədlər açıqlanır? Bu sual ətrafından düşünmək lazım gəlir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ Milli Təhlükəsizlik Arxivinin ABŞ-ın 43-cü prezidenti Corc Buşla Rusiya lideri Vladimir Putin arasında Ukrayna ilə bağlı 20 il əvvəl aparılmış məxfi danışıqların üzə çıxarılmasının motivlərini şərh edərkən deyib. 

Şərhçi düşünür ki, Ağ Evin hədəfi Epşteyn və Tramp qalmaqalıdır:

"Lakin niyə bu sənədlər məhz indi üzə çıxır? Bu məsələ ciddi təhlil edilməlidir".

Arif Əliyevin fikrincə, bu sənədlərin məhz indi ictimailəşdirilməsi təsadüfi deyil və birbaşa ABŞ daxilindəki siyasi gündəmlə bağlıdır:

"Düşünürəm ki, Buşla Putin arasında 20 il əvvəl aparılmış məxfi danışıqların Vaşinqton tərəfindən üzə çıxarılması "Epşteyn işi” ətrafında gedən müzakirələrdən, eləcə də Trampın adı ilə bağlı yayılan mənfi informasiyalardan diqqəti yayındırmaq məqsədi daşıyır".

Ekspert hesab edir ki, Ağ Ev rəhbərliyi daxili siyasi təzyiqlər fonunda gündəmi dəyişmək üçün istənilən vasitədən istifadə etməyə hazırdır:

"Xüsusilə də ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində bu cür addımlar qaçılmazdır. Belə həssas dövrdə cəmiyyətin diqqətini Epşteynlə bağlı müzakirələrdən və Trampa yönələn zərbələrdən yayındırmaq üçün bu tip mövzular dövriyyəyə buraxılacaq".

Ekspertin sözlərinə görə, yaranmış situasiya Donald Trampın da maraqlarına xidmət edir:

"Tramp bu vəziyyətdən məharətlə istifadə edə bilir. Bu cür informasiya dalğası onun ətrafında formalaşmış  qalmaqalların arxa plana keçməsinə və sarsılmış mövqeyinin qismən də olsa möhkəmlənməsinə şərait yaradır. Unutmayaq ki, Tramp piar meydanının güclü oyunçusudur - elektoratının psixologiyasını və həssas nöqtələrini yaxşı bilir".

Həmsöhbətimiz hesab edir ki, sənədlərin dərc edilməsində Ukrayna və ya Rusiyaya yönəlik birbaşa siyasi təzyiq elementi axtarmaq düzgün deyil:

"Bu, xarici siyasətdən çox daxili siyasi çəkişmələrin məhsuludur. Hazırkı mərhələdə Tramp  hakimiyyətini daxili balanslar daha çox maraqlandırır, nəinki Ukrayna mövzusunda hansısa kölgə yaratmaq. Ukrayna məsələsinin öz  alqoritmi var və bu prosesdə Baydenin nə edib-etməməsinin artıq real təsiri qalmayıb".

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən dərc edilən sənədlərdə ABŞ-ın 43-cü prezidenti Corc Buşla Rusiya lideri Vladimir Putin arasında 20 il əvvəl keçirilmiş görüşün stenoqramı yer alır. Sənədlərdə Putinin hələ həmin dövrdə imperiya ambisiyalarından çıxış edərək Ukraynanı Rusiyanın bir hissəsi hesab etdiyi və Moskvanın bu ərazilərə iddiasını açıq şəkildə dilə gətirdiyi əksini tapıb. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
qaynarinfo.az

1Mənbələr