AZ

Dövlət Xidməti: İnformasiya təhlükəsizliyi üzrə risklər reyestri fundamental əhəmiyyətə malikdir

Azərbaycanda yaradılması nəzərdə tutulan informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Aznews.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edib.

Xatırladaq ki, Nazirlər Kabineti "İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası"nı təsdiq edib.

"Bu qayda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq, bütün məlumatları reyestrdə toplamaq məqsədilə təsdiq edilib. Qaydaya əsasən, dövlət orqanları (qurumları) informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi, informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyətlərinin səmərəli təşkili üçün risklər reyestrlərini formalaşdırmalıdırlar.

Qaydanın tələbləri dövlət orqanları (qurumları) üçün məcburidir və Dövlət Xidmətinin informasiya təhlükəsizliyi üzrə apardığı nəzarətin predmetini təşkil edir. Eyni zamanda, müvafiq qərarda Dövlət Xidmətinə "Təhdidlər və həllər" kataloqunun yaradılması, onun daima yenilənməsi, o cümlədən dövlət qurumlarında risk reyestri formalaşdırıldıqdan sonra onların təsdiq olunmuş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinin aparılması tapşırılıb.

İnformasiya təhlükəsizliyi üzrə risklər reyestrinin aparılması informasiya aktivlərinin qorunması sahəsində sistemli, ölçülə bilən və hüquqi baxımdan əsaslandırılmış idarəetmənin təmin edilməsi üçün zəruridir. Reyestr qurumların informasiya təhlükəsizliyi mühitində mövcud olan təhdidlərin, zəifliklərin və potensial təsirlərin strukturlaşdırılmış şəkildə müəyyənləşdirilməsinə, sənədləşdirilməsinə və davamlı olaraq yenilənməsinə imkan yaradır.

Seçilən
40
2
aznews.az

3Mənbələr