Bakı, 26 dekabr, AZƏRTAC
Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə aksiya təşkil edib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhərində keçirilən maarifləndirici aksiya çərçivəsində “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış bukletlər sakinlərə paylanılıb.
Tədbirdə könüllülər tərəfindən müxtəlif ünvanlarda sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.