“Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaranıb”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, 2025-ci ilin statistikasına əsasən Azərbaycan 14 ölkəyə qaz ixrac edir: “2025-ci il bir sıra ölkələrdə böyük investisiyalarla yadda qaldı. BƏƏ, İsrail, Özbəkistan və başqa ölkələrlə iqtisadi diplomatiyanın nəticələrini gələcəkdə görəcəyik. Dünyada gedən proseslər yeni imkanlar yaradır. Azərbaycan buna uyğun addımlar atır. Bir ölkə üzərindən nümunə göstərsəm, bir il öncə Suriyada baş verənlərdən sonra Azərbaycanla Suriya arasında münasibətlərin inkişafı göz önündədir. Bəşər Əsəd rejimi tərəfindən ölkəmizə qarşı qərəzli addımlar atılırdı. Ötən il Azərbaycandan Suriyaya missiya, o cümlədən humanitar yardım göndərildi, ölkəmizin bu ölkədəki səfirliyi bərpa olundu və s.”
C.Bayramov vurğulayıb ki, uzunmüddətli proqramlar həyata keçiriləcək. “Azərbaycan milli maraqlarına uyğun olaraq, siyasətini davam etdirəcək”,-deyə nazir əlavə edib.