AZ

Azərbaycan Qarabağda təkcə qələbə qazanmayıb, eyni zamanda böyük bərpa və dirçəliş modeli formalaşdırıb ŞƏRH

Bakı, 26 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra təkcə hərbi-siyasi müstəvidə deyil, həm də qlobal geosiyasi gündəmin formalaşmasında mühüm aktora çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünya siyasətində mühüm söz sahibi olan ölkələrdən birinə çevrilib. Onun sözlərinə görə, müharibədən sonra işğal dövründə Ermənistanın həyata keçirdiyi məqsədyönlü dağıdıcı siyasətin real mənzərəsi bütün dünyaya aydın şəkildə nümayiş etdirilib: “Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin tamamilə viran qoyulduğunun şahidi olduq. Ağdamın ‘Qafqazın Xirosiması’ adlandırılması təsadüfi deyil. Oraya baxanda sanki atom bombası atılmış ərazi təsiri yaranırdı. Lakin bu gün biz artıq tamam fərqli bir mənzərə görürük. Beş il əvvəlki Ağdamla indiki Ağdam arasında yerlə göy qədər fərq var”.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini heç bir xarici yardım olmadan, yalnız öz daxili imkanları hesabına həyata keçirir. Bu, dünya praktikasında nadir hallarda rast gəlinən bir təcrübədir. Avropa institutları və beynəlxalq dairələr Azərbaycanın bu miqyaslı fəaliyyəti barədə obyektiv mövqe nümayiş etdirmək əvəzinə, təəssüf ki, tez-tez qərəzli yanaşma sərgiləyirlər.

“Avropada İkinci Dünya müharibəsindən sonra dağıdılmış şəhərlərin onilliklər ərzində bərpa edildiyini hamı xatırlayır. Azərbaycan isə çox qısa müddətdə, öz resursları hesabına Qarabağı dirçəldir. Bu faktlar beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməlidir”, – deyə deputat vurğulayıb.

Tural Gəncəliyev bildirib ki, xarici parlament nümayəndələri ilə birlikdə Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı qısa zaman ərzində görülən işlər onların da böyük təəccübünə səbəb olur. O qeyd edib ki, mina təhlükəsi, dağıdılmış infrastruktur və ağır humanitar mirasa baxmayaraq, Azərbaycan bu çətinlikləri ardıcıl şəkildə dəf edir.

Deputatın sözlərinə görə, artıq 23 milyard manatdan çox vəsait Qarabağın və Şərqi Zəngəzurun bərpasına yönəldilib, “Böyük Qayıdış” proqramı mərhələli şəkildə icra olunur və 2025-ci ildə bu proses daha da intensivləşib.

“Prezident İlham Əliyevin Xankəndiyə son səfəri və Zəfər memorial kompleksinin açılışı bütün dünyaya açıq mesaj oldu: Azərbaycan qalib dövlətdir, Azərbaycan xalqı qurur, yaradır və öz torpaqlarına həyat qaytarır. Qarabağ artıq dirçəlir və bu proses dönməz xarakter daşıyır”, – deyə Milli Məclisin deputatı Tural Gəncəliyev vurğulayıb.

Seçilən
75
1
azertag.az

2Mənbələr