AZ

Taekvondo Federasiyasının vitse-prezidenti: Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlar səfərbər ediləcək

Bakı, 26 dekabr, AZƏRTAC

Ölkə birinciliyində gənclər və böyüklər arasında ümumilikdə 436 idmançı iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yarışda yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçıları da medallar uğrunda mübarizə aparırlar: “Turnirdə iştirak edən idmançıların əsas məqsədi qalib gələrək, yığma komandanın heyətinə düşməkdir. Bu, idmandır, şanslı və daha güclü olan idmançı qalib gəlir”.

Niyaməddin Paşayev Azərbaycan taekvondoçularının 2026-cı ildə çıxış edəcəyi yarışlardan da söz açıb: “Gələn il aprelin 12-17-də Daşkənddə gənclər arasında dünya birinciliyi keçiriləcək. Yarışa hazırlıq prosesinə yanvarın 5-dən etibarən start veriləcək. Gələn il, həmçinin böyüklər arasında Avropa çempionatı, dörd Qran-Pri, eləcə də “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar nəzərdə tutulub. Milli komanda bu yarışlarda Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bütün imkanlarını səfərbər edəcək”.

Seçilən
86
2
azertag.az

3Mənbələr