AZ

“Azərbaycan bu gün öz siyasətində daha çox Mərkəzi Asiya və Yaxın Şərqi önə çəkir” Deputat

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Bu il 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması, sülh sazişi mətninin paraflanması cari ildə ölkəmizin əldə etdiyi əsas nailiyyətlərdir. Bunun nəticəsində ATƏT-in Minsk qrupu da ləğv edildi, faktiki olaraq sülh müqaviləsinin imzalanması istisna olmaqla təminatlı şəkildə Azərbaycan-Ermənistan münaqişəsinə son qoyuldu”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov 2025-ci ilin yekunları, növbəti il üçün əsas hədəfləri açıqlayarkən deyib.

Deputatın sözlərinə görə, diplomatiya tələb edir ki, dövlətlər müəyyən balans yaratsınlar ki, təhlükəsizlikləri möhkəm olsun, heç bir dövlətdən asılı vəziyyətə düşməsinlər, ən yaxın ölkə ilə belə münasibətlər bərabər şəkildə saxlanılsın:

“Hesab edirəm ki, bunu Azərbaycan çox uğurlu şəkildə həyata keçirir. Türkiyə ilə Azərbaycan müttəfiq dövlətlərdir və biz müttəfiqliyimizi möhkəmləndiririk. Çin ilə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb, həyata keçirilir. ABŞ-la strateji əməkdaşlığa dair layihə üzrə iş gedir. Cənab Prezident ABŞ-la münasibətləri kifayət qədər yüksək səviyyəyə qaldırıb. Tramp iştirak etdiyi və Azərbaycan Prezidentinin də olduğu bütün tədbirlərdə hər zaman ona istinad edir, ölkəmizin uğurlarından danışır, Prezident İlham Əliyevin liderliyini dilə gətirir. Bu, əslində Azərbaycanın dövlət kimi mövqelərini xeyli möhkəmləndirir”.

R.Musabəyov əlavə edib ki, Azərbaycan Pakistanla, Yaxın Şərqdə İsraillə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı ilə münasibətlərini möhkəmləndirib:

“İranla gərginlik aşağı salınıb, bunun nəticəsində də mövqelərimiz güclənir. Bunlar hamısı Azərbaycanın böyük diplomatik uğurları, düzgün qurulmuş beynəlxalq münasibətlərin, diplomatiyanın nəticəsidir. O balansı ki, Azərbaycan yaradıb, Mərkəzi Asiya dövlətləri anlayırlar ki, Azərbaycansız onların dünyaya çıxışı çox məhdud olacaq. Azərbaycan Mərkəzi Asiya platforması beşliyinə altıncı tamhüquqlu üzv olaraq daxil oldu. Bunlar hamısı ölkəmizin artan əhəmiyyətini göstərir”.

R.Musabəyov deyib ki, Azərbaycan öz imkanlarını düzgün nöqtələrə yönəltdiyi halda bir dövlət kimi hörmət qazanır, onunla hesablaşırlar:

“Bir müddət əvvəl Misirdə Qəzza ilə bağlı Yaxın Şərq sülh konfransı keçirildi. Ora ABŞ Prezidenti tərəfindən dəvət alan liderlərin sayı elə də çox deyildi. Azərbaycan lideri həmin konfransa dəvət aldı. Çünki anlayırlar ki, Azərbaycan töhfə vermək imkanındadır. Bizim qloballıq iddiamız yoxdur, amma ətrafımızda Rusiyanın Azərbaycanla hesablaşması, Mərkəzi Asiya ölkələri ilə müttəfiqliyin qurulması, İranı Azərbaycanla hesablaşmağa sövq etmək və s. bunlar hamısı nəticədir. Təbii ki, Azərbaycan üçün birinci növbədə lazımdır ki, təhlükəsizliyimiz təmin olunsun. Bizimlə qonşu olan dövlətlər bu gün dünyada söz sahibi olan dövlətlərdir. Çin, ABŞ, Rusiya, Avropa İttifaqı Azərbaycanla bizim maraqlarımız ətrafında hesablaşırlar. Baxmayaraq ki, Qoşulmama Hərəkatında sədrliyi təhvil vermişik, lakin orda sözümüz də, liderliyimiz də mövcuddur. Bu da müəyyən təsirləri saxlamaq imkanları verir”.

Növbəti ildə Azərbaycanın hədəf və məqsədlərinin nədən ibarət olacağına gəlincə, deputat deyib ki, bunlar dəyişməyərək, eyni qalacaq. Ona görə ki, Azərbaycanın hədəfləri uydurulmayıb, ölkəmizin geosiyasi durumundan irəli gəlir.

“Biz qarşımızda mücərrəd hədəflər qoymuruq. Konkret Azərbaycanın təhlükəsizliyini möhkəmləndirən və iqtsadi inkişafımıza, mədəni əlaqələrimizə xidmət edən hədəflər var. Həmin hədəflər qalır və onlar rasionaldırlar, yəni Azərbaycanın milli maraqlarına cavab verirlər, buna görə də davam edəcək. Sadəcə olaraq prioritetlərin sıralanmasında dəyişiklik ola bilər. Hesab edirəm ki, bu gün Azərbaycan öz siyasətində daha çox Mərkəzi Asiya və Yaxın Şərqi önə çəkir. Ona görə ki, uzun müddət Azərbaycanın siyasəti daha çox Cənubi Qafqazda cəmləşmişdi. İndi isə Azərbaycan Mərkəzi Asiyaya üstünlük verir. Prezidentin son səfələrinə diqqət yetirəndə böyük hissəsi həm Yaxın Şərqə, həm də Mərkəzi Asiya dövlətlərinə həyata keçirilib. Türkiyə təbii, ənənəvi olaraq müttəfiqimizdir. Prezident bəyan etdi ki, biz özümüzə başqa ailə axtarmırıq, bizim ailəmiz Türk ailəsidir. Azərbaycan bu ailənin möhkəmlənməsində düşünürəm ki, öz fəaliyyətini davam etdirəcək və daha da gücləndirəcək”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
525.az

1Mənbələr