AZ

Rusiyada kriptovalyuta ilə bağlı yenilik

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Mərkəzi Bankı kriptovalyuta bazarının tənzimlənməsinə yönəlmiş yeni konsepti ilə ölkədə rəqəmsal aktivlərin hüquqi statusu baxımından mühüm bir mərhələyə hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləmə təklifləri hökumətə təqdim edilib və layihəyə əsasən həm peşəkar (ixtisaslı), həm də peşəkar olmayan (ixtisassız) investorların kriptoaktivlər almasına icazə veriləcək.

Lakin peşəkar olmayan investorlar yalnız ən likvid kriptovalyutaları, illik 300 min rubl limiti daxilində və xüsusi testdən keçdikdən sonra ala biləcəklər. Peşəkar investorlar üçün isə həcm məhdudiyyəti tətbiq olunmayacaq, lakin anonim kriptovalyutalar bu çərçivədən kənarda qalacaq.

Qeyd olunur ki, bütün əməliyyatlar yalnız lisenziyalı vasitəçi qurumlar və birjalar üzərindən həyata keçiriləcək. Mövcud kripto-mübadilə məntəqələri üçün isə ayrı lisenziyalaşdırma mexanizmi tətbiq ediləcək.

Rusiyada alınan kriptovalyutaların xaricə köçürülməsinə icazə veriləcək, lakin bu əməliyyatlar barədə Federal Vergi Xidmətinə məlumat verilməsi məcburi olacaq.

Konsept, eyni zamanda Rusiyada yaradılmış rəqəmsal maliyyə aktivlərinin açıq blokçeyn şəbəkələrində dövriyyəyə buraxılmasının da yolunu açır.

Bazarda uzun müddətdir fəaliyyət göstərən investorların, vərdiş etdikləri qlobal kripto birjalarından istifadəni davam etdirəcəyi ehtimal olunur.

Mütəxəssislər hesab edirlər ki, hüquqi bazanın formalaşdırılması yeni investorların bazara daxil olmasını asanlaşdıracaq. Böyük vasitəçi şirkətlər və banklar tənzimləmə qüvvəyə minən kimi kripto ticarətinə başlamağa hazır olduqlarını təsdiqləyiblər. Bir çox ekspert bu addımı kripto fəaliyyətlərini “boz zona”dan çıxaracaq tarixi dönüş nöqtəsi kimi qiymətləndirir.

Eyni zamanda, mütəxəssislər konseptin çatışmayan tərəflərinə də diqqət çəkirlər. Sənədlərdə “Stablecoin”-lərin (Stablecoin, qiymətini ən çox ABŞ dolları olmaqla, başqa bir aktivə bağlayaraq sabit dəyəri saxlamaq üçün nəzərdə tutulmuş bir kriptovalyuta növüdür) hüquqi statusu aydın müəyyən edilməyib, kripto xidmət təminatçıları üçün müstəqil lisenziya kateqoriyası yaradılmayıb və istehlakçıların müdafiəsi ilə bağlı qaydalar yetərincə detallı şəkildə izah olunmayıb.

Buna baxmayaraq, ekspertlərin fikrincə, bu sənəd Rusiyada kriptovalyuta ekosisteminin tammiqyaslı şəkildə müzakirə olunması üçün zəruri əsas çərçivəni formalaşdırır. Mərkəzi Bankın əsas məqsədi indiyədək nəzarətdən kənarda qalan bu sahəni vergiyə cəlb olunan, izlənilə bilən və lisenziyalı bir sistemə çevirmək kimi dəyərləndirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr