AZ

"İqtisadi böhran"ın günahkarı kimdir: Mühafizəkarlar, yoxsa hökumət? – ÖZƏL

"Prezident Məsud Pezeşkianın çevrəsində yaranan impiçment ritorikası, ilk baxışda hökumətə qarşı gerçəkçi siyasi proses təsiri bağışlasa da, iş başqa yerlərə də gedib çıxa bilər. Bu olayı, indiki mərhələdə daha çox hakimiyyət içində güc dəngəsinin yenidən tənzimlənməsi cəhdi kimi də oxumaq olar. Bəli, parlament sədri Məhəmmədbağır Qalibafın iqtisadi böhran, inflyasiya və bahalıq arqumentlərini önə çəkməsi sosial narazılıqlar fonunda populist təsir gücünə malikdir; bununla belə İran siyasi sisteminin gerçək işləmə mexanizmləri göstərir ki, impiçment parlament iradəsindən üstün siyasi razılaşmalarla mümkündür".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, bu nöqtədə həlledici faktor ali dini rəhbərliyin mövqeyidir. Rəsmi kanallardan verilən ismarıclarda Əli Xamneyi ilə Pezeşkian arasında açıq ziddiyyətin olmadığı, hökumətin ümumi kursunun dəstəkləndiyi vurğulanır. Bu isə impiçment hədəsinin, böyük gümanla, Pezeşkian hökumətini daha nəzarətli davranmağa məcbur edən iç təzyiq aləti olduğunu göstərir. İran siyasi mədəniyyətində bu cür "təzyiq ritorikası" tez-tez istifadə olunur; görünür, məqsəd birbaşa devirmə olmasa da, manevr imkanlarını daraltmaqdır.

"Digər tərəfdən, fəhlə ittifaqlarının mümkün ümumxalq etiraz çağırışları məsələnin ən həssas tərəfidir. Maaşların cəmi 20 faiz artırılması, gerçək inflyasiya fonunda sosial partlayış potensialını yüksəldir. Əgər bu etirazlar geniş miqyas alarsa, parlament-hökumət gərginliyi küçədən gələn təzyiqlə üst-üstə düşə və Pezeşkian hökumətini ikiqat sıxışdırılmış duruma sala bilər. Bu halda impiçment artıq siyasi texnologiya olmaqdan çıxar və bilavasitə "çıxış yolu" kimi masaya yatırıla bilər," - deyə ekspert əlavə edib.

Türkoloq qeyd edib ki, İran hakimiyyətinin son onilliklərdəki davranış modeli sistem sabitliyinin fərdi fiqurlardan üstün tutulduğunu göstərir. Ona görə də daha gerçəkçi ssenari, hökumətin bəzi iqtisadi-sosial qərarlarda geri addım atması, kabinet içində dəyişikliklər və populist yumşalmalarla gərginliyin boşaldılmasıdır. Oliqarx qrupların hökumətə maneələr yaratdığı iddiaları da bu kontekstdə içəridə resurs bölgüsü mübarizəsinin əlaməti kimi dəyərləndirilməyi haqq edir.

Ə. Qoşalı sonda bildirib ki, Qalibafın impiçment hədəsi hələlik gerçək siyasi prosesin başlanğıcından çox, hakimiyyət içində təzyiq mexanizmi və güc dəngəsinin yenidən qurulması cəhdi kimi yorumlana bilər. Fəhlə etirazları isə bu dəngəni dəyişə biləcək yeganə faktordur: əgər sosial narazılıq idarəolunan həddi aşarsa, Pezeşkian hökumətinin taleyi parlament debatlarından çox, küçənin ritmi ilə müəyyən olunacaqdır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
62
olaylar.az

1Mənbələr