İstanbulun Üsküdar rayonunda ərinin üzərinə qaynar yağ tökərək ölümünə səbəb olan qadın barəsində 18 ildən 24 ilədək həbs cəzası tələb olunur.
Publika.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğunun hazırladığı ittihamnaməyə görə, təqsirləndirilən Zeynep Gürsul 24 illik həyat yoldaşı Sinan Gürsulu mübahisə zəminində qəsdən öldürməkdə ittiham olunur.
Zərərçəkmişin anası Meliha Gürsul hadisə ilə bağlı şikayət ərizəsi təqdim edib. İstintaq materiallarında qeyd olunur ki, cütlük uzun illərdir spirtli içki istifadəsi və ailədaxili zorakılıq səbəbindən problemlər yaşayıb. Hadisə günü evə sərxoş halda gələn zərərçəkmişin yatmasını gözləyən qadın mətbəxdə günəbaxan yağını qaynadaraq yatan ərinin üzərinə töküb.
İttihamnamədə cinayətin planlı şəkildə və xüsusi qəddarlıqla törədildiyi vurğulanır. Prokurorluq əməli dəhşətli qəddarlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib.