Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib Yenilənib-Foto
Dekabrın 26-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri iclasın əvvəlində diqqətə çatdırıb ki, dünən Azərbaycan sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasının ildönümü tamam oldu. 25 dekabr tarixi xalqımızın yaddaşında milli hüzn günü kimi qalacaq.
Bu faciə insan həyatının ali dəyər olduğunu və mülki aviasiyanın təhlükəsizliyi üçün dövlətlərin və beynəlxalq qurumların daşıdığı böyük məsuliyyəti bir daha xatırladır. Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir diləyirik.
Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələr zamanı parlamentin komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Ceyhun Məmmədov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Vasif Qafarov, Zaur Şükürov və Elman Nəsirov çıxış ediblər.
Çıxışlarda 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin kənar müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması hadisəsi xatırlanıb. Vurğulanıb ki, baş verən faciədə Azərbaycan tərəfinin irəli sürdüyü tələblər birbaşa beynəlxalq hüquqdan qaynaqlanır və dövlətimizin milli maraqlarımızın və vətəndaşlarımızın hüquqlarının etibarlı formada təmin edilməsi ilə bağlı qətiyyətli mövqeyinə əsaslanır.
Həmçinin, Prezident İlham Əliyevin bugünlərdə Qarabağ səfəri çərçivəsində Ağdamda etdiyi çıxış ölkəmizin ideoloji prinsiplərinin və tarixi yaddaşının əsas istiqamətlərini əks etdirən yol xəritəsi kimi qiymətləndirilib.
Deputatlar Cənubi Qafqazda kommunikasiyaların açılmasının regional əməkdaşlığın dərinləşməsi və iqtisadi inkişafın sürətlənməsi baxımından strateji əhəmiyyətini vurğulayıblar, uşaqların və yeniyetmələrin internet mühitində zərərli təsirlərdən qorunmasının vacibliyinə diqqət çəkiblər. Millət vəkilləri, həmçinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqinin və tətbiqinin genişləndirilməsinə xidmət etdiyini bildiriblər. Deputatlar digər aktual mövzularda da fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün 9 məsələnin müzakirə ediləcəyini bildirib.
Gündəliyin birinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib.
Komitə sədri layihənin normativ-hüquqi aktlar arasında ziddiyyətin və boşluqların aradan qaldırılması, həmçinin "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışına qanunvericilikdə vahid yanaşmanın tətbiq olunması məqsədilə hazırlandığını bildirib. O, sənədlə bağlı hər hansı əlavə rəy və təklifin daxil olmadığını, məsələnin komitədə üçüncü oxunuşda baxılaraq, plenar iclasa tövsiyə edildiyini bildirib.
Sənəd barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbərlik etdikləri komitələrin rəylərini diqqətə çatdırandan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti altı məsələsi ikinci oxunuşda olan qanun layihələridir və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İnsan hüquqları komitəsinin sədri Zahid Oruca təqdim edib.
Son zamanlar sosial şəbəkələrdə kütləvi şəkildə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımların və çağırışların artmasından söz açan komitə sədri bildirib ki, bu proses cəmiyyətə təsir göstərərək milli-mənəvi dəyərlərin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərin davranış modellərində mənfi dəyişikliklər yaradır. Vurğulanıb ki, müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliyin, qeyri-etik davranışın və milli-mənəvi dəyərlərə zidd çağırışların qarşısının alınması üçün hüquqi mexanizmlərin gücləndirilməsinə, mənəvi dəyərlərin, eləcə də yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasının təmin edilməsinə xidmət edir.
Müzakirədə komitə sədrləri Siyavuş Novruzovun, Hicran Hüseynovanın, deputatlar Elçin Mirzəbəylinin, Aydın Hüseynovun, Rəşad Mahmudovun, Vüqar Rəhimzadənin və Erkin Qədirlinin fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
O, sənədin birinci oxunuşunda ətraflı məlumat verildiyini bildirib və birinci oxunuşda qaldırılan məsələlərə aydınlıq gətirib.
Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
O, qeyd edib ki, dəyişikliklərin məqsədi mədəni irsin qorunması sahəsində müvafiq hüquqi rejimin səmərəsinin artırılması, mədəni sərvətlərə qarşı yönələn əməllərə münasibətdə cinayət və inzibati məsuliyyətin gücləndirilməsi, substantiv dəqiqləşdirmələrin aparılmasıdır.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu sənəd barədə bu komitənin rəyini təqdim edib.
Məsələ ilə bağlı müzakirədə komitə sədri Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Gülşən Paşayeva, Erkin Qədirli və Aydın Mirzəzadə fikir və qeydlərini bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
O, sənədin birinci oxunuşunda dəyişikliklər barədə ətraflı məlumat verildiyini, sənədin mətnində heç bir dəyişiklik aparılmadığını bildirib və layihəni ikinci oxunuşda da olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini nəzərə çatdırıb.
O, qeyd edib ki, təklif edilən dəyişiklikdə məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilərin dövlət rüsumundan azad olunması nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri layihənin üç komitənin birgə iclasında və plenar iclasda, habelə ictimaiyyət arasında geniş müzakirə edildiyini, məsələ ilə bağlı deputatlar və mütəxəssislər tərəfindən fikirlərin səsləndirildiyini söyləyib. O, təklif olunan dəyişikliklərin insanların sağlamlığının qorunması baxımından vacibliyini qeyd edib. Sənədin komitədə ikinci oxunuşda müzakirəsi zamanı hər hansı qeyd və təklifin daxil olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.
Layihəyə əsasən, "Tütün və tütün məmulatı haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda "tütün məmulatı" anlayışı dəqiqləşdirilərək, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir, həmçinin "qızdırılan tütün məmulatı" və "elektron siqaret" anlayışları əlavə olunur. Vergi Məcəlləsində, "Reklam haqqında" Qanunda edilən dəyişikliklərdə "birdəfəlik istifadə üçün elektron siqaret"in və "elektron siqaretlər üçün maye"nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda, reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihəsinin rəhbərlik etdiyi komitə tərəfindən ikinci oxunuşda da dəstəkləndiyini bildirib. O, qeyd edib ki, elektron siqaretlərin qanunvericiliklə qadağan edilməsi vətəndaşların, xüsusilə gənclərin və yeniyetmələrin sağlamlığının qorunması ilə bağlıdır.
Komitə sədri, habelə diqqətə çatdırıb ki, birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-ci il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Bu müddətin aprelin 1-dək uzadılması ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təklifi layihənin ikinci oxunuş üçün təqdim edilən redaksiyasında öz əksini tapıb. O, qanunun tətbiqi dövrünədək sahibkarlara aidiyyəti qurumlar tərəfindən dəstək verilməsinin vacibliyindən, eyni zamanda, elektron siqaretlərin qanunvericiliklə qadağan edilməsinin mahiyyəti və əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin aparılmasının önəmindən danışıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihədə təklif olunan dəyişikliklərin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini və ikinci oxunuşda da məsələyə müsbət rəy verildiyini bildirib.
Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Naqif Həmzəyev öz qeyd və təkliflərini söylədikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Diqqətə çatdırılıb ki, beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur. Layihədə ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Sənəddə patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi məsələləri tənzimlənir. Habelə, qeyd olunur ki, ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər.
Dəyişikliklərdə iddiaçıların iddia sənədlərinin tərtib olunmasında və verilməsində üzləşdikləri texniki çətinliklərin azaldılması ilə bağlı məsələlər də ehtiva olunur.
Qanun layihəsində işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Belə ki, ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi ala biləcək.
Sənəddə habelə, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasına dair dəyişiklik də nəzərdə tutulur. Qeyd olunub ki, qanun layihəsinin qəbulu ölkədə ixtira və patent fəallığını yüksəldəcək. Habelə, patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək, ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləği əhəmiyyətli dərəcədə artacaq, əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim olunan layihənin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini söyləyib. Ölkəmizdə elmin və texnoloji inkişafın prioritet istiqamət kimi müəyyən edildiyini, intellektual mülkiyyətin etibarlı qorunmasının aktual olduğunu bildirib. O, Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi “Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir”, “Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”, “Bu gün bizim elmimizin praktik nəticələri olmalıdır” fikirlərini bir daha xatırladıb.
Komitə sədri qeyd edib ki, patent hüquqlarının gücləndirilməsi və onun əsaslarının təkmilləşdirilməsi müəyyən edilmiş innovativ inkişaf xəttinin iqtisadi mexanizmlə tamamlanmasını təmin edir, elmin, intellektual mülkiyyətin real iqtisadi dəyər yaratmasına imkan verir. O, diqqətə çatdırıb ki, qanun layihəsinin mühüm istiqamətlərindən biri terminoloji və institusional dəqiqləşmələrdir. Yeni anlayışların qanunvericilikdə təsbit edilməsi hüquqi müəyyənliyi artırır, patent prosedurlarında şəffaflığın gücləndirilməsinə xidmət edir. O, eyni zamanda, patent obyektlərinin sərhədlərinin daha dəqiq müəyyən edilməsinin əhəmiyyətindən söhbət açıb. Sosial-iqtisadi baxımdan mühüm yeniliklərdən olan xidməti ixtiralarla bağlı münasibətlərin dəqiqləşdirilməsindən danışıb. Komitə sədri patent qanunvericiliyinin təkmilləşdirilməsinin elmi-innovativ inkişafın istehsalatla uzlaşdırılması üçün hüquqi və institusional çərçivə yaratdığını bildirib.
Müzakirələr zamanı deputatlar Vasif Qafarov, Hikmət Məmmədov, Samir Vəliyev çıxış edərək, layihənin ölkəmizdə innovativ inkişafa, elmi-texniki tərəqqiyə və əqli mülkiyyətin qorunmasına mühüm töhfə verəcəyini söyləyiblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.
O, bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir. Qeyd olunub ki, elmi araşdırmalar nəticəsində asbest və tərkibində asbest olan məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübut edilib və onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırılıb.
Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyev məsələ barədə bəzi qeydlərini səsləndiriblər. Deputat Nurlan Həsənov qaldırılan məsələlərə münasibət bildirib.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.