Son günlər Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən kadr dəyişikliyi təkcə ədəbi cameədə deyil, ümumilikdə ictimai-siyasi müstəvidə ciddi suallar doğurub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, 48 yaşlı şair Sayman Aruzun vəzifədən kənarlaşdırılması cəmiyyətdə haqlı təəccüb və narazılıqla qarşılanıb.
Sual doğuran əsas məqam bu qərarın necə, hansı əsaslarla və hansı təsirlərlə qəbul edilməsidir. Aparılan araşdırmalar göstərir ki, son illər Sayman Aruz sistemli şəkildə müxtəlif hücumlara məruz qalıb. Onun dövlət maraqlarına uyğun fəaliyyəti, xüsusilə Güney Azərbaycan mövzusunda prinsipial mövqeyi bəzi daxili və xarici dairələri ciddi şəkildə narahat edib.
Xüsusilə AZTV-də yayımlanan və milli ideoloji xətti açıq şəkildə ortaya qoyan “Körpü” verilişi Sayman Aruzu hədəfə çevirib. Bu verilişi və onun yaratdığı təsiri həzm edə bilməyən qüvvələr mediada qarayaxma kampaniyalarına start verib, məqsədli şəkildə onun nüfuzuna zərbə vurmağa çalışıblar. Bütün bunlara baxmayaraq, Sayman Aruz geri çəkilməyib, dövlətin və dövlətçiliyin yanında möhkəm dayanıb.
Məhz belə bir fiqurun Yazıçılar Birliyindən uzaqlaşdırılması nəinki məntiqsiz, hətta təhlükəli presedent kimi dəyərləndirilməlidir. Daha da maraqlısı odur ki, bu qərardan bir neçə gün əvvəl bəzi xəbər saytlarında adları və soyadları bilinməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyinə müraciət edərək “Sayman Aruz bizi təmsil edə bilməz” məzmunlu məktub ünvanladıqları barədə məlumatlar yayılıb. Suallar da məhz buradan başlayır.
İctimaiyyəti narahat edən əsas məqam budur: Azərbaycan Yazıçılar Birliyində verilən qərarlar hansı ölkənin və hansı mərkəzin maraqları ilə uzlaşır? Əgər İrandan yönləndirilən, kimliyi bəlli olmayan müraciətlər əsasında Azərbaycanda fəaliyyət göstərən bir qurumda kadr dəyişiklikləri edilirsə, bu artıq sıradan təşkilati məsələ deyil, milli təhlükəsizlik müstəvisində qiymətləndirilməli ciddi siqnaldır.
Bu prosesdə AYB sədri Anarın mövqeyi də ayrıca sual doğurur. Onun bu açıq-aşkar mübahisəli qərara göz yumması yazıçı cameəsi daxilində ciddi narazılıq yaradıb. Təsadüfi deyil ki, tanınmış şair-publisist Mübariz Məsimoğlu özünün “Facebook” hesabında kəskin mövqe sərgiləyərək yazıb:
“Deyəsən, Azərbaycan Yazıçılar Birliyini Həmid Herisçi İrandan idarə edir. Belə olmasaydı, Anar qurultayın seçdiyi Saymanı vəzifəsindən götürüb katibliyin qərarı ilə Həmidi onun yerinə təyin etməzdi”.
Bu fikir emosional çıxışdan daha çox, cəmiyyətdə formalaşan real narahatlığın ifadəsidir. Əgər qurultayın seçdiyi şəxs heç bir rəsmi izahat verilmədən, qeyri-şəffaf mexanizmlərlə vəzifədən uzaqlaşdırılırsa, bu, AYB daxilində institusional böhranın göstəricisidir.
Artıq bu məsələ nə ədəbi intriqa, nə də daxili narazılıq kimi təqdim edilə bilər. Bu qərar istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əgər Azərbaycan Yazıçılar Birliyində qəbul edilən addımlar xarici təsirlərlə, xüsusilə də İran mərkəzli maraqlarla uzlaşırsa, bu, artıq açıq təhlükə siqnalıdır və gecikdirilmədən adekvat reaksiya verilməlidir.azerbaycanrealligi.az