AZ

"Dərs oxumayan uşaq "avara" deyil" - Təhsil ekspertindən ÇAĞIRIŞ

​Müasir dövrdə valideynlərin ən böyük narahatlığı uşaqların dərslərə qarşı marağının az olmasıdır. Valideynlər hesab edir ki, əgər övladı müəyyən fənləri oxumaq istəmirsə, o, mütləq "avara" olacaq və ya cəmiyyətdən təcrid olunacaq.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, bir çox ailədə uşağın dərslərinə olan münasibəti ilə onun gələcək xarakteri arasında birbaşa, lakin səhv bir asılılıq qurulub:

"Dərslərdəki aktivlik hələ hər şey demək deyil. Bu yanlış yanaşma həm uşağın psixologiyasına, həm də ailədaxili etibara ciddi zərər vurur.
​Valideynlər və uşaqlar arasında "avaralıq" və dərs çalışmamaq arasında süni bir əlaqə qurulub. Biz bu əlaqəni mütləq kəsməliyik. Dərslərini çalışmaq istəməyən bir gəncin dərhal "avara" kimi damğalanması və ya onun gələcəkdə mütləq uğursuz olacağı mənasına gəlməsi böyük bir yanlışdır. Yeniyetmələr klassik mənada dərs çalışmadan belə, düzgün istiqamətləndirildikdə mədəni, müəyyən bir peşə sahibi olan və cəmiyyətdə özünə sağlam yer tapa bilən bir insan kimi yetişdirilə bilərlər".



​Ekspertin sözlərinə görə, təhsil yalnız kitablardan ibarət deyil:

"Bir çox yeniyetmə nəzəri biliklərdən daha çox praktik bacarıqlara meyilli ola bilər. Əgər bir uşaq riyazi tənlikləri həll etmək istəmirsə, bu, onun tənbəl olması deyil, bəlkə də onun incəsənətə, texnologiyaya və ya müxtəlif sənət sahələrinə olan gizli istedadının göstəricisidir. Tövsiyə edirəm ki, valideynlər uşaqlarını "qiymət" üzərindən deyil, "insani keyfiyyətlər" və "fərdi bacarıqlar" üzərindən qiymətləndirməlidirlər. Cəmiyyətdə layiqli yer tutmaq üçün mütləq ali təhsil diplomu deyil, etik dəyərlərə sahib olmaq və bir işin peşəkarı olmaq kifayətdir".

Nuriyyə NATİQQIZI

Seçilən
56
1
redaktor.az

2Mənbələr