Elektron siqaretlərin satışı və istifadəsi ilə bağlı qadağa aprel ayından etibarən qüvvəyə minəcək. Bu sahədə fəaliyyət göstərən bir çox sahibkarın isə banklar qarşısında borcu var və həmin borclar üzrə təminat kimi məhz bu biznes göstərilib. Belə olan halda, dövlət tərəfindən qadağa tətbiq edildikdən sonra banklar həmin sahibkarlara güzəşt edə bilər? Yaxud onlara hər hansı kompensasiya mexanizmi nəzərdə tutula bilər? Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, əslində, belə olması məntiqəuyğundur: “Əgər kredit götürənin aldığı kredit məhz elektron siqaret biznesinə sərf edilməli idisə, o halda prinsip etibarilə dövlət qadağa qoyduğu üçün müəyyən yardım göstərilməlidir. Normal bazar iqtisadiyyatı, normal qanunvericilik və hüquq sistemi olan ölkədə bu yanaşma tətbiq olunur”. Ə.Həsənov xüsusilə vurğulayıb ki, kreditin təyinatı məhz həmin biznes olmalıdır: “Əgər kredit götürülüb, lakin onun təyinatı başqa sahə ilə bağlı idisə və şəxs eyni zamanda elektron siqaret biznesi ilə də məşğuldursa, bu artıq başqa məsələdir. Bu halda həmin kreditlə qadağa qoyulan biznes arasında birbaşa əlaqə yoxdur”. Sevinc İbrahimzadə / Metbuat.az