AZ

Bakı yeni bazara çevrilir: Ermənistanın ixrac planları açıqlandı

“Yaxın gələcəkdə Ermənistandan Azərbaycana birmənalı şəkildə ixrac fəaliyyətinin başlanacağı gözlənilir və bu prosesin davamlı xarakter alaraq ən azı 10 il ərzində hər il ardıcıl şəkildə artacağı proqnozlaşdırılır”.

Bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçının fikrincə, məhz bu 10 illik dövr ərzində ixrac prosesində davamlı artımlar müşahidə olunacaq:

WhatsApp

“Daha sonrakı mərhələdə isə prosesin tədricən stabilləşməsi ehtimal olunur. Bununla yanaşı, Ermənistanın emal və istehsal sahələrinin mövcud strukturu, eyni zamanda ixraca yönəlik məhsul çeşidlərinin tərkibi onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan üçün kifayət qədər əlverişli və cəlbedici bazara çevriləcək. Çünki Ermənistanın ixrac etdiyi məhsulların böyük əksəriyyətini Azərbaycan hazırda onsuz da daha uzaq ölkələrdən idxal edir. Bu baxımdan, Ermənistan tərəfindən elektrik və elektron cihazların Azərbaycana ixracı tamamilə gözləniləndir. Eyni zamanda siqaret və tütün məmulatlarının, müxtəlif spirtli içkilərin, xüsusilə şərabların, müxtəlif ərzaq məhsullarının Azərbaycana ixrac edilməsi real görünür. Bununla yanaşı, tekstil məhsulları və digər istehsal malları da gələcəkdə Ermənistan tərəfindən Azərbaycana ixrac edilə biləcək məhsullar sırasındadır və düşünürəm ki, bu proses faktiki olaraq baş verəcək. Ümumilikdə bu ixrac həcmlərinin ildən-ilə artacağı proqnozlaşdırılır”.

Məsələnin hansı yollarla və hansı istiqamətlərdən həyata keçiriləcəyinə gəldikdə isə, iqtisadçı qeyd edib ki, əgər məhsul mövcuddursa, onun ixracı üçün qarşı tərəfdə münbit bazar varsa və bu ölkələr bir-biri ilə sərhəddirsə, ixrac-idxal əməliyyatları üçün müxtəlif alternativ yolların tapılması mümkündür:

“Təbii ki, bu proses çərçivəsində gömrük məntəqələri yaradılacaq, zaman keçdikcə əməliyyatlar avtomatlaşdırılacaq, yeni yollar çəkiləcək və mövcud infrastrukturdan istifadə etməklə hazırda ixrac fəaliyyətləri həyata keçiriləcək. Daha sonrakı mərhələdə isə bu ixracatın Zəngəzur dəhlizi istiqamətində baş tutması, yaxud alternativ olaraq Zəngəzur dəhlizindən şimala, Gürcüstan sərhədinə qədər uzanan digər əlverişli coğrafi istiqamətlər üzrə həyata keçirilməsi mümkündür. Bu məqsədlə gömrük məntəqələri və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün əlavə keçid məntəqələri yaradılacaq”.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iki­ tərəfli ticarət, o cümlədən Ermənistandan Azərbaycana ixracın da başlaya biləcəyi realdır.

Seçilən
49
ekologiya.az

1Mənbələr