AZ

"Putin AZAL-la bağlı vədinə xilaf çıxdı" - Əli Orucov

Xarici işlər naziri Ceyhun Məmmədov Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsinə dair məktub göndərdiyini bildirib.

Bunu nazir ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Redaktor.az-a danışan politoloq Əli Orucovun sözlərinə görə, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında bu ölkənin HHM qüvvələri tərəfindən vurularaq qəzaya uğradılmasından 1 il vaxt ötməsinə baxmayaraq, Moskva hələ də bu faciə barədə üzərinə düşən beynəlxalq hüquqdan irəli gələn tədbirləri icra etməyib:

"Cinayətkarlar məsuliyyətə cəlb olunmayıb, dəymiş zərər ödənilməyib və üzr istənilməyib. Baxmayaraq ki, 9 oktyabrda prezidentlərin Düşənbədə baş tutan görüşlərində Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın haqlı tələblərinə əməl edəcəyinə vəd vermişdi, ancaq Rusiya dövlət başçısı bu vədinə xilaf çıxıb. Heç biri də edilməyib".

Müsahibimiz xatırlatdı ki, Rusiya İstintaq Komitəsi cinayət hadisəsi ilə bağlı istintaqı uzatmaqla və heç bir hərəkət etməməklə hadisəni ört-basdır etmək məqsədi güdürdü:

"Faktiki olaraq Bakının davamlı tələb və etirazlarına baxmayaraq təfərrüatlar açılmayıb, bunu törədənlər məsuliyyətə cəlb edilməyib. Xitamın Bakı ilə Moskva arasında siyasi, hüquqi və digər nəticələri olacaq. Azərbaycan hadisə ilə bağlı müstəqil istintaqın aparılması üçün müvafiq qurumlara müraciət etmək hüququnu işə sala bilər. Bu isə Rusiya üçün yaxşı şeylər vəd etməz. Rusiya İstintaq Komitəsinin qəza ilə bağlı açılmış cinayət işinə xitam verməsi heç də bu işin tamamilə bağlanılması və cəzəsiz qalması anlamına gəlmir. Azərbaycan isə hələ ki, səbrli davranır. Ancaq bunun da bir sonu olmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr