“Qoyunlarımız acından qırılır. Səhər-axşam ot bağlaması veririk. Yerimizi-yurdumuzu əlimizdən alıblar. Hamısını ediblər qara şum. Qalmışıq iki daşın arasında...”
Musavat.com xəbər verir ki, bu sözləri Ağcabədi rayonunda məskunlaşan, Xocavənddən məcburi köçkün düşmüş Əbülfət Hüseynov deyir.
Söhbət onun təxminən 40 ilə yaxın müddətdə qanuni əsaslarla istifadə etdiyi örüş sahəsinin əlindən alınmasından gedir.
İddialara görə, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyadovun birbaşa iştirakı ilə həmin örüş sahəsi “kommersant” kimi təqdim olunan İqbal Abdullayevə verilib. Nəticədə qoyunçuluqla dolanan keçmiş məcburi köçkün ailəsinin heyvanları acından qırılmaq təhlükəsi ilə üz-üzə qalıb.
Əbülfət Hüseynov deyir ki, hazırda qoyunları xilas etmək üçün böyük xərcə düşərək ot bağlamaları alır. Lakin bu vəziyyət bir neçə gün də davam edərsə, ot almağa vəsaiti qalmayacaq və heyvanlar tələf olacaq.
Ekologiya.az bildirir ki, Musavat.com bu mövzu ilə bağlı daha əvvəl “Ağcabədidə örüşü kəndlidən alıb icra hakimiyyətinə yaxın “kommersant”a veriblər – QALMAQAL” sərlövhəli yazı dərc etmişdi.
Həmin yazıda Əbülfət Hüseynov bildirirdi ki, örüş sahəsini əkdiyi əsas gətirilərək torpaq ondan alınır. Halbuki onun sözlərinə görə, Toğrul Bünyadovun iştirakı ilə İqbal Abdullayev kotanlı traktorla örüşə girib və təxminən 2 hektar ərazidə əkin aparılıb.
Bu da haqlı sual doğurur - Örüş sahəsini məcburi köçkün əkəndə qanunsuz sayılır, icra hakimiyyətinin dəstəklədiyi “kommersant” əkəndə isə qanuniləşir?
Musavat.com baş verənlərlə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinə rəsmi sorğu ünvanlayıb.
Sorğuda xatırladılıb ki, Prezident İlham Əliyevin 01.07.2004-cü il tarixli, 298 nömrəli sərəncamına əsasən, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək 1992–1998-ci illərdə məskunlaşdıqları torpaq və obyektlərdən çıxarıla bilməzlər. Bu kontekstdə aşağıdakı suallar cavabsız qalıb:
Əbülfət Hüseynov alternativ torpaq sahəsi ilə təmin olunubmu? Ona rəsmi qaydada yeni yer təklif edilibmi? Əgər torpaq “Aqropark” üçün nəzərdə tutulmuşdusa, niyə sonradan fermer kimi qeydiyyatı olmayan İqbal Abdullayevə verilib? Torpaq icarəyə verilərkən Kənd Təsərrüfatı Nazirliyinin rəyi niyə olmayıb?
Örüş torpağında əkin qadağan olduğu halda, başçı müavini Toğrul Bünyadov niyə bu prosesə etiraz etməyib? Məhkəmə qərarı da sayılmır?
Əbülfət Hüseynov bildirir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə Ağcabədi Rayon İcra Hakimiyyətinin torpağa müdaxiləsini qadağan edən qərar çıxarıb. Qərar qanuni qüvvəyə minib. Lakin iddiaya görə, nə İqbal Abdullayev, nə də Ağcabədi İcra Hakimiyyəti bu qərara əməl edir.
Bu halda daha sərt sual ortaya çıxır: Bu ölkədə məhkəmə qərarları bəzi məmurlar üçün sadəcə kağız parçasıdır?
Əbülfət Hüseynov son ümid yeri kimi yuxarı instansiyalara və ölkə rəhbərliyinə müraciət etdiyini, kömək gözlədiyini deyir.