İ.Hüseynli indiki vəziyyətdə avtobusların xəttə buraxılmasının tıxaclara təsir edib-etməyəcəyi məsələsinə də toxunub: “Məlum olduğu kimi, Xırdalan–Bakı istiqamətində avtobusların hərəkəti üçün ayrıca zolaq mövcuddur və avtobuslar bu zolaqla Şamaxinka ərazisinə qədər rahat hərəkət edə bilirlər. Lakin Şamaxinkadan sonra, 20 Yanvar dairəsinə yaxınlaşana qədər avtobuslar da digər nəqliyyat vasitələri kimi tıxacda qalırlar. Bu baxımdan, avtobusların sayının artırılması şəxsi avtomobillərlə hərəkət edən sürücülər üçün tıxac problemini aradan qaldırmır. Tıxac necə mövcuddursa, eyni şəkildə qalır”. Ekspertin sözlərinə görə, tıxacların azaldılmasının əsas həlli yol infrastrukturunun genişləndirilməsi ilə bağlıdır: “Buraya hərəkət zolaqlarının sayının artırılması, yol ötürücülərinin çoxaldılması, Bakı şəhərinə Sumqayıt istiqamətindən giriş və çıxış imkanlarının genişləndirilməsi daxildir. Bakı–Sumqayıt və Xırdalan istiqamətlərində yol şəbəkəsi nə qədər genişləndirilərsə, tıxacların azalmasına bir o qədər yaxınlaşmaq mümkün olacaq”. Sevinc İbrahimzadə / Metbuat.az