AZ

İmam Əli məscidində partlayış - 8 nəfər öldü

Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində cümə namazı zamanı güclü partlayış baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində azı səkkiz nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az xəbər verir ki, hadisə yerinə dərhal xilasedici briqadalar və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, məscidin ətrafı mühasirəyə alınıb və istintaq başladılıb. Suriyanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, daxili təhlükəsizlik qüvvələri əraziyə nəzarət edib və partlayışda əli olan şəxslərin axtarışı aparılır.

Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Hadisənin kamikadze hücumu, yoxsa əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi araşdırılır. 

Partlayış nəticəsində məscidin binasına da ciddi maddi ziyan dəyib. Mülki müdafiə əməkdaşları artıq dağıntıların aradan qaldırılmasına başlayıb.

Hazırda heç bir radikal qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Homs şəhəri paytaxt Dəməşqdən təxminən 165 kilometr şimalda yerləşir və Suriyanın üçüncü ən böyük şəhəri hesab olunur. 2011-ci ildə daxili münaqişə başlamazdan əvvəl burada təxminən 1,8 milyon insan yaşayırdı; şəhər dini azlıqların, o cümlədən xristianlar və ələvilərin sıx məskunlaşdığı mərkəzlərdən biri olub.

Seçilən
30
modern.az

1Mənbələr