Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda 63 kişi ailədə zorakılığa məruz qaldığı üçün dövlət qurumuna müraciət edib. 2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 512 müraciət daxil olub. Statistik göstəricilərə görə, müraciət edənlərin 433-ü qadın, 15-i uşaq, 63 nəfəri isə arvadı tərəfindən döyülən və ya təzyiqə məruz qalan kişilərdir.
Məsələni şərh edən sosioloq Mail Yaqub bildirib ki, insan mənəvi və ya fiziki olaraq çıxılmaz vəziyyətə düşəndə artıq "ictimai qınaq" və ya "utanmaq" kimi hisslər arxa plana keçir:
"Ailədə qadın kişiyə qarşı istər fiziki, istərsə də psixoloji zorakılıq tətbiq edirsə və kişi çarəsiz qalırsa, müraciət etməkdən başqa yolu qalmır. Bu zaman utanmaq hissi yox olur, çünki insan artıq boğaza yığılır. Dünya statistikasında da mənzərə bənzərdir: fiziki zorakılıq şikayətlərinin təxminən 90%-i qadınlardan, 8-10%-i isə kişilərdən gəlir".

Sosioloq qeyd edir ki, bu cür halların Azərbaycan cəmiyyətində də yaşanması təəssüf doğurur, çünki bu, milli-mənəvi dəyərlərimizə ziddir:
"İnsan-insana zorakılıq etməməlidir, problemləri dil taparaq, normal münasibət quraraq həll etmək lazımdır. Lakin təəssüf ki, reallıq fərqlidir. Zorakılığa məruz qalan tərəf – istər qadın olsun, istərsə də kişi – artıq ətrafdakıların nə deyəcəyini düşünmür. Onun üçün əsas məsələ öz təhlükəsizliyini və rahatlığını təmin etməkdir".
Mail Yaqubun fikrincə, mənəvi və psixoloji şiddətin dözülməz həddə çatması insanları "son dayanacaq" kimi polisə və müvafiq qurumlara müraciət etməyə vadar edir.
Bahar Rüstəmli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.