Ötən gün Bakı-Qazax magistral yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Qanunsuz fəaliyyət göstərən mikroavtobusun iştirakiylə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sual yaranır ki, qeyri-qanuni mikroavtobusun fəaliyyətinə niyə nəzarət olunmurdu? Qanuni ictimai nəqliyyat niyə olmayıb? Başqa nəqliyyat olmadığından sakinlər şəhər mərkəzinə, gedib-gəlməkdə ciddi əziyyət çəkirlər.
İctimai nəqliyyat problemi şagirdlərin, tələbələrin təhsilinə də mənfi təsir göstərir. Qəsəbə ərazisində məktəb olsa da, avtobus olmadığından müəllimlər məktəbə minbir əziyyətlə gedirlər.
Bəs Çeyildağ Qəsəbəsindən şəhərə və geriyə niyə ictimai nəqliyyat yoxdur?.
Sözügedən məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, müntəzəm marşrutlar yol infrastrukturu və sərnişin tələbatı nəzərə alınmaqla təşkil edilir. Sözügedən ərazi üzrə təhlillər aparılır. Təhlillərin nəticəsinə əsasən, marşrut xəttinin təşkili və müsabiqəyə çıxarılması məsələsinə baxılacaq.
Bəs qanunsuz sərnişindaşıma fəaliyyətinə niyə düzgün nəzarət olunmur? sualına cavabda isə Agentlikdən Bu məsələnin Daxili İşlər Nazirliyinin səlahiyyətində olduğu bildirildi. Daxili İşlər Nazirliyindən isə aidiyyəti qurumun Yerüstü Nəqliyyat Agentliyi olduğu qeyd edildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.