AZ

“Ancaq dövlət səviyyəsində layiq olduğumu gözləyə bilərəm” - Kəmalə Abıyeva


Müsahibimiz tanınmış şairə, nasir, tərcüməçi, müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Abıyevadır.

- Bildiyim qədər, ixtisasca fizika müəllimisiniz. Bəs ədəbiyyata, poeziyaya marağınız hardan yarandı? Fizika hara, şeir hara?

- Müəllim ailəsində dünyaya gəlmişəm. Anam fizika-riyaziyyat fakültəsini Stalin təqaüdü ilə bitirən ilk tələbə olsa da, ədəbiyyatı sevib. Bütün şairlərin şeirlərindən əzbər bilirdi,özü şeir yazırdı, kitabxanası vardı, amma dəqiq elmlər onun üçün daha ciddi elm sahəsi idi. Dəqiq elmləri də çox gözəl bilirdim, riyaziyyat olimpiadalarında fərqlənirdim, fəxri fərmanlar alırdım. Ona görə anam fizika-riyaziyyat fakültəsinə getməyimi istəyirdi. “Hekayə, ya şeir yazmaq üçün ədəbiyyat fakultəsində oxumaq əsas deyil” deyirdi. Onun arzusu və təkidi ilə fizik oldum. Ali məktəbə imtahan verəndə “Müəllimliyi niyə seçdim” adlı sərbəst mövzunu seçdim. Orda müəllim haqqında iki bənd şeir yazdım. İnşam yazını yoxlayan müəllimlərin diqqətini çəkmişdi, dərs başlayanda ədəbiyyat fakültəsinin komsomol katibi müəllimlərin tapşırığı ilə məni tapdı. Filologiya fakültəsində dərnək vardı, ora yazdılar məni. Birinci kursda şeirlərimi “Müəllim” qəzetinə, hətta “Azərbaycan müəllimi”nə verdilər, çap olundu, yenə diqqət çəkdim. Hətta ixtisasımı dəyişməyimə də israr edirdilər. Əslində ikinci təhsil almaq fikrində idim. Müəllimliyi, məktəbi sevdim, bu arzumun dalınca getmədim. İndi də təəssüf edirəm... Nə isə belə alındı.

- Həm nəsr, həm də şeir yazmaq çətin deyil ki? Şeirlə nəsr necə yola gedir? Adətən ən çox hansı qalib çıxır?

- Əlaçı idim, amma dil-ədəbiyyatı daha çox sevirdim. Əslində məktəbli olanda hekayəyazardım. O vaxt məktəbdə imla, inşa, ifadələr yazardıq. Bunların diqqətin, məsuliyyətin, sərbəst düşüncənin, nitqin inkişafında əhəmiyyəti böyükdür. İnşalara xüsusi marağım vardı. Sərbəst mövzularım, bədii əsərlərin təhlili ilə bağlı yazılarım fərqlənirdi. Müəllimim “dilçim, yazıçım” deyərdi mənə. Yəni nəsr həmişə mənim üçün maraqlı, cəlbedici olub. Nəsr yazmaq istəmişəm. Yəqin şeir qalib oldu, amma arada hekayələr, esselər, publisistik yazılar da yazıram. Şəhidlərin xatirəsinə həsr etdiyim iki esselər kitabım var: “41” və “21”.

- 70-ci illərdən imzanız tanınır, ədəbiyyat aləmində populyar olsanız da, bəzən adama elə gəlir ki, sizi görməyənlər, yaxud görmək istəməyənlər də var. Məsələn, 70 illik yubileyiniz elə də geniş qeyd olunmadı, bildiyim qədər, təltifləriniz də yoxdur. Bunun səbəbi nədir?

- Görməyənlər deyəndə ki... Elə görünürsə, deməli o da var, yəni görüb, görməzdən gələnlər var. Tək mənə aid deyil ki, bu. Bunun səbəbini görməyənlər özləri bilir. Söz adamısansa, səni ilk növbədə oxucular, sözə dəyər verənlər görməlidir. Bu görmə vəzifəylə, fəxri adla, pulla bağlı məsələ deyil. Bu bağlılıqlar müvəqqətidi. Cismani ölümlə bərabər ölüb gedəcək. Ötən əsrin 80-ci illərindən Oqtay Kazımi, Emin Sabitoğlu mətbuatda yayımlanan şeirlərimə müraciət edib. O illərdə bu asan deyildi. Hər şeirə musiqi bəstələnmirdi. Deməli görünürdüm. Yenidən 90-cı illərin sonunda sözlərimə bəstələnənmahnılarla daha çox məşhurlaşdım. Bilirsiz, yüzlərlə mahnı yazılır. Hətta maddiyyatla, xahişlə, vəzifəsindən istifadə edərək sözlərinə mahnı yazdıranlar çoxdu, amma sevilmirlər Kamalə Abiyeva qədər. “Məktəb illəri”ni, “Bakı haqqında nağıl”ı, “Özün günahkarsan”ı keçmək asan deyil. Mətnlərim dillər əzbəri olan onlarla belə mahnı var. Tanıdığım, tanımadığım onlarla adam şeirlərimi səsləndirir, yayımlayır.Kiminsə kitabını özündən sonra kimsə oxuyacaqmı? Bunu bilmirik. Elə adamlar var, bütün tədbirlərdə, təltiflərdə onlardı. “Hər tədbirdə, hər yerdə eyni adamları görməkdən yorulduq” deyə statuslar, yazılar da paylaşırlar artıq.

Yubileyə gəlincə, bunu AYB, ya hansısa rəsmi orqan keçirmir. Hər kəs öz təşəbbüsü, əlaqələri ilə keçirir. Adam var bir-neçə tədbir keçirir, həvəskardı yəni. Bunun üçün də tanışlıq, əlaqələr, maddi vəsait lazımdır. Hamı bunlar üçün “qapı” döyə bilmir. Mən uzağam belə təşəbbüslərdən. Yubileyimi keçirmək istəyənlər, keçirənlər oldu. Sadəcə hay-küysüz. Amma hələ də musiqili, şeirli tədbir keçirmək məsələsi gündəmdədi.Əsas məsələ sözünün yaşamasıdır.

- AYB üzvü kimi AYB rəhbərliyinin sizə münasibətindən razısınızmı? Niyə sizin adınız təltif olunanlar siyahısına salınmır?

- Nə deyim? Razıyammı? Çox müraciətim də olmayıb. Bircə dəfə müraciətim olub, o da həllini tapmayıb. Hər halda razı, ya narazıolmaq üçün bir ciddi səbəbim yoxdur.Özümdən danışmıram daha, özümdən keçdim. Məsələ təkcə AYB-də deyil.

Məni ümumilikdə dövlət qurumları tərəfindən istedadlı, savadlı, həm də şəxsiyyət olanlara münasibət narahat edir.Eləqızım Aysel Əlizadə ölkənin ən ciddi, ən istedadlı imzasıdır. Şəxsiyyətinə, özünə hörməti qoruyub saxlamaq adama mane olmamalıdır. Axı, istedadları axtarmalı, görməli, dayaq olmalıdırlar. İmza etməyə çalışdıqlarının hansı Ayseldən istedadlıdır? Və imza kimi qəbul olunur? Ayselin kitabları özündən xəbərsiz Türkiyədə çap olunub, Almaniyaya gedib çıxıb, bir-neçə il əvvəl Gürcüstanda beynəlxalq kitab festivalında yenə özündən belə xəbərsiz kitabı təqdim olunan ölkənin yeganə müəllifi olub. İllər öncə Kamran Nəzirlinin ingilis dilinə tərcüməetdiyi 55 şairin 101 şeirinin yer aldığı “Şamlar” antologiyanın Londonda təqdimatı keçirilmişdi. Əvvəldən seçilmiş bir-neçə şairin şeirləri oxunmuşdu. İngilislərin seçdiyi müəllif isə Aysel Əlizadə olub. Mən heç cür anlaya bilmirəm, dostluqla, kiminsə qohumudu deyə adamdan necə şair, yazıçı düzəltmək olar? Necə vəzifə vermək olar? Poeziyası, nəsri, publisistikası rezonans doğuran Aysel Əlizadəyə olmaz? Dünən kitab çap elətdirib özünə şair deyəni ölkəni təmsil etmək üçün hansısa tədbirə necə göndərmək olar? Məncə buna son vermək lazımdır. Bir az da qüruru olan əsl istedadlara dayaq olmaq gərəkdir. Onlara dayaq olmaq Dövlətə dayaq olmaqdır. Ölkəni onlar daha layiqincə təmsil edər. Yəqin ki, özümüz də nələrsə etməliyik, həmişə susmaq, oturub gözləmək olmaz. Bunu düşünürəm.

- Nəsr, poeziya, bədii tərcümə, eyni zamanda yazdığınız mahnı mətnləri sizin bu sahədə ünvanınızdır. Bir yaradıcı şəxs kimi umacağınız varmı və kimlərdən?

- Hərə bir təşkilat, birlik yaradır, fəxri diplom, medal düzəldir, paylayır. Bunları bilirəm, bildikcə cılızlaşır hər şey, ədəbiyyat da.Uzaq olmağa çalışıram. Ürəyimdə sözüm çoxdu. Azca bölüşürəm. Necə, nəyə, kimə verirlər maraqlı da deyil. Sadəcə daha susmaq da olmur. Ancaq dövlət səviyyəsində layiq olduğumu gözləyə bilərəm. Bu haqda düşünməyə başlamışam. Öz planım var. Olmasa da, eyib etməz. Təsəvvür edirsiz, fəxri adı olmayanKamalə Abiyeva olmaq da maraqlı və gözəldi. Mənim təltiflərim, diplom və medallarım şeirlərimə yazılan mahnılar,dillər əzbəri olan sözlərimdi. Qürurumdu.

- Biz adətən çox eşidirik ki, filan məşhur şairin, yaxud yazıçının, tutalım, 80 illik yubileyi oldu, ədəbiyyatda xidmətlərinə baxmayaraq onun yubileyi qeyd olunmadı. Sizin bu məsələyə yanaşmanız necədir? Şair Vaqif İbrahimin 80 illiyi də keçirilmədi...

- Keçirilməlidir. Yaşayanlar öz yubileylərini AYB-nin Natəvan zalında, başqa yerlərdə bacardıqları kimi qeyd edirlər. Dünyasını dəyişənlərin yubileylərini qeyd etmək də gərəkdir. Amma çoxu yada düşmür. Vaqif İbrahimin də. 70 illiyində “Mən varam” adlı kitabını latıncaçap etdirdim, tədbir keçirdim. Bu il 80 illiyi idi. “Vaqif İbrahimin sükutla keçən yubileyi” adlı yazı yazdım, qəzet və saytlarda yayımlandı. Bu qədər bacardım.Ailəsi də haqlı olaraq küsgündü.

- 1988–1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaliyyətinizdə durğunluq yaradıb. Səbəb nə idi?

- Doğrudur. 80-ci illərdə hər adamın sözünə mahnı yazılmırdı. Şairsənsə yazırdılar. İlk mahnılarımı Nisə Qasımova, Ağadadaş Ağayev, Zümrüd Məmmədova, Aybəniz Haşımova ifa edib. 88-ci il hadisələri başlayanda işbirliyimiz yarım qaldı. Son illərdə o mahnıları toplamağa çalışıram. Qızıl fondda Oqtay müəllimin bəstəsində 4-5 mahnı var. Başqa mahnılar da var. 4 mahnını öz səsində dinləsəm də, Emin Sabitoğlu ölkədən getdiyi üçün mahnıları tapa bilmirəm. “Azərbaycan” və “Gənclik” nəşriyyatlarında kitablarım çapa hazır idi. Rəylər verilmişdi. Məlum hadisələrdən sonra şeir, kitab, mahnı dövrü mənim üçün bitdi elə bil. Ar gəldi, çətin, ağır gəldi. O kitablar da itkin düşdü...Vətən yarası sağalmır ki.Sonra bir-neçə şair dostumun, xüsusən Zülfüqar Şahsevənlinin təkidi ilə “Yağış yağır bu şəhərə” kitabım “Gənclik” nəşriyyatında çap olundu. Mahnı da hit oldu. Aygün xanım Səmədzadə şeirlərimə mahnılar yazdı.Uğur, məşhurluq gəldi. Beləcə yaradıcılıqda yeni dövr başladı elə bil. Bunda Aygün xanıma da xüsusi təşəkkür düşür.

-“Məktəb illəri”, "Bu dünyanı nağıl bilək", "Özün günahkarsan", "Uşaqlığım", "Bu sevgi", "Bakı haqqında nağıl", “Azərbaycan", "Yada salma özünü" kimi şeirlərinizə mahnılar yazılıb və özü də çox populyar mahnılardır. Şeir mətni yazmaq hər şairin işi deyil. Bunlar necə yaranır?

- Bir çox məşhur mahnıları qeyd etmisiz. Gənclik illərindən bəstəkarlara müraciət etmək ağlıma gəlməyib. O vaxt şeirlərimi mətbuatdan götürmüşdülər. Aygün xanım da poeziyanı, ədəbiyyatı sevən biridir. Şeirlərimi bəyənirdi, seçdiyi şeirlərə musiqi bəstələdi. Hamısı da möhtəşəm alındı. Sonralar gözəl bəstəkarımız Tahir Əkbərlə işbirliyimiz oldu. İndi onun bəstələri olan mahnıların yeni ifalarda səslənməsinə çalışırıq xanımı Aybənizlə birlikdə.Elçin İmanov, İqbal Ağayev, Gülşən Rafiqqızı, Aydan Əliyeva və başqa bəstəkarlarla da mahnılarımız var. Son dönəmlərdə Bikə Axundova ilə “Qələbədir adın” adlı musiqili tamaşa, Zəfərimizin beşilliyində Ali Baş Komandana həsr etdiyimiz “Zəfər odası” yaratmışıq. Hələ çox möhtəşəm mahnılar var ki, sözləri dillər əzbəri olacaq. Mahnıların sevilməsi, uğuru yeni mətnlərin yaranmasına səbəb olur. Necə deyərlər, ilham verir.

-Əlbəttə, hər bir yaradıcı şəxsin şəxsi həyatı, ətrafı, dostları, hobbisi və sair də maraqlıdır. Dostlarınız kimlərdir? Dost sizin üçün nədir?

- Təbii ki, maraqlıdır. Mənim üçün də maraqlıdır. Dost mənim üçün sevgidir, sədaqətdir, etibar etdiyim insandır. Elə hisslər, elə sözlər var ki, gizlinindir, amma yenə də kiməsə demək,bölüşmək istədiklərin olur. Bölüşə bildiyin o adam dostundur.

-Şeirləriniz rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. Qonarar ala bilmisiniz? Bir də, yeri gəlmişkən, Mədəniyyət Nazirliyinin satın aldığı kitablar içində sizin kitablar da var...

- Təəssüf ki, indi qonarar yoxdu. O da sovet dönəmində qaldı. Sözlərinə mahnı oxunurdu, şeirlərin, yazın çap olunurdu qonarar alırdın. 80-ci illərdə Azərbaycan Tele-Radio şirkətinin əməkdaşı olmuşam, işləmişəm yəni. Maaşımdan çox qonarar alırdım. İndiki çətin vaxtda bu həllini tapmayıb. Olsa, nə gözəl! Bu il MN-ə iki kitabımı təqdim etmişdim: Bakı şəhidlərinin xatirəsinə həsr etdiyim “21” esselər və “O adam” şeirlər toplusunu. Birini alıblar. Siyahıda adımın önündə 700 AZN məbləği görən oxucular, bəzi dostlar, söz adamları narahat və narazı olublar. Neçəsi zəng edib. Onlara bu müsahibəmizdə bir daha bildirmək istəyirəm ki, burda qərəz yoxdu. Sadəcə kitabın sayına və özüm yazdığım qiymətə görə vəsait ödənib. Kitaba daha çox qiymət yaza bilərdim ki, buna dürüstlüyüm imkan vermədi. Sadəcə təəssüf edirəm ki, Bakının Xəzər rayonu şəhidlərinin xatirəsinə yazdığım “21” kitabını almayıblar.

-Sizdən ilin son müsahibəsini biz götürdük...Yeni il ərəfəsində arzularınız nədir?

- Söhbətimiz Yeni il ərəfəsinə düşdüyü üçün hamını təbrik edirəm.. Yeni ildə özümə vəhamıya haqsızlıq yaşamamağı arzulayıram.İstedadı, savadı, şəxsiyyəti olanlar əziyyət çəkməsin. Layiq olduqları dəyəri ala bilsinlər. Şəxsiyyətsizlər necə olsa “yaşayacaq”, hər yerdə “görünəcəklər”.
Hamıya sülh, rahat, ruzili günlər arzulayıram. Bunun üçün çalışan Prezidentimiz cənab İlham Əliyevə dövlətimizin güclənməsi, dünyada tanınması üçün yürütdüyü xarici siyasətdə uğurlar, sağlamlıq, səbr diləyirəm.

Bu müsahibəyə görə “Bakı-Xəbər”ə, onun dəyərli baş redaktoru Aydın Quliyevə, kollektivinizə, sizə təşəkkür edirəm. Sevinc dolu illər yaşayın.

Xalqıma -Yer üzünə xoşbəxt, müharibəsiz günlər diləyirəm.

İradə SARIYEVA

Seçilən
36
baki-xeber.com

1Mənbələr