AZ

Pulun çoxdursa, hər şeyə icazə var?

Türkiyədə "ağ adamların" günü qaradır. İstanbul prokurorluğu var-dövlət, sərvət sahibi olan bəzi zənginlərin yediyini-içdiyini burnundan gətirir. Əlbəttə, söhbət haramzadələrdən gedir. Haram tikə gec-tez insanın burnundan gəlir... Eşidib bilənlərlə, baxıb-görənlərlə işim yoxdur. Bu mövzuda məlumatsız olanlar üçün yazıram: Habertürk adlı televiziyanın məşhur baş redaktoru Mehmet Akif Ərsoy həbs olunub. Jurnalistin əməllərindən xəbər tutanların ilk sözü bu olur: bu ad sənə haram olsun! Türklər demişkən, pəki, Türkiyənin İstiqlal Marşını yazan Mehmet Akif Ərsoyun adaşı olan balaca Ərsoy hansı pis əməli törədib ki, hamı onu lənətləyir? İstanbul prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, Ərsoy narkotik istifadəçisidir. Özü çəkməyi cəhənnəmə, ətrafındakı insanları da bu zəhrimara dadandırıb. Ən dəhşətlisi isə odur ki, Mehmet Akif Ərsoyun qurbanlarının arasında çoxlu sayda gənc qadın da var. Bu Ərsoy deyilən yaramazın digər alçaq əməli isə tabeliyində çalışan qadınları cinsi münasibətə təhrik etməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlu sayda qadını pis yola çəkib. Evində qrup halında seks təşkil etdiyinə dair sübutlar var. Hətta əri, uşağı olan qadınlara da "qarmaq" atırmış. Bu əclafın üzündən neçə istedadlı qadın Habertürk televiziyasındakı işini itirib. Neçə qadın pulsuz-parasız qalıb. "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran da təxminən eyni yolun yolçusudur. Amma çoxlu pulu olduğu üçün ətrafındakı yaltaqlar onun əməllərini "malalamağı" bacarırlar. Buna baxmayaraq, narkotik testinin müsbət çıxdığını ört-basdır edə bilmədi. Türkiyədə hamı bildi ki, klub prezidenti, məşhur iş adamı olan Saran kokain istifadəçisidir, Kolumbiyada özəl yetişdirilmiş kokainin 1 qramına 2000 dollar verməyə heyfsilənmir... İnkişaf etmiş ölkələrdə varlı adamlar zəngin kitabxana yaradır, bahalı rəsm əsərləri alır, özlərinin mənəvi kamilləşməsinin qeydinə qalırlar. Qardaş Türkiyədə isə varlı adamlar televiziya ekranlarından qadın seçir, meşşan həyat tərzi keçirirlər. Kasıbla varlının bircə fərqi var: kasıb "patı", varlı kokain çəkir...

C.Cahangirli, xüsusi olaraq, Metbuat.az üçün

Seçilən
66
2
metbuat.az

3Mənbələr