AZ

Media: Fransada müsəlman avtobus sürücüləri davamlı islamofob hücumlara məruz qalırlar

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 26 dekabr, AZƏRTAC

Fransanın Qrenobl şəhərində “M Tag” ictimai nəqliyyat şirkətində çalışan müsəlman işçilər illərdir davam edən islamofob davranışlara və zorakı hərəkətlərə məruz qaldıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə müstəqil “Mediapart” nəşri və CGT həmkarlar ittifaqı tərəfindən toplanan ifadələrdə qeyd olunur. Məlumatlara görə, 2022-ci ildən etibarən müsəlman sürücülər və nəzarətçilər irqçi və dini məzmunlu təhdid və təhqirlərlə üzləşiblər. Bunların arasında Marin Lö Penin adının qeyd olunduğu seçki bülleteni, donuz qulağı, eləcə də nasist simvolları yer alıb.

Zərərçəkənlər bildirirlər ki, polisə şikayətlər edilsə də, şirkət rəhbərliyi rəsmi bəyanatlarla bu halları qınasa da, daxili araşdırmalar real nəticə verməyib. Bütün tədbirlər sadəcə olaraq qaydaları xatırlatmaqla məhdudlaşıb. CGT həmkarlar ittifaqı şirkətdə düşmən mühitinin hökm sürdüyünü vurğulayaraq, daha sərt və adekvat sanksiyalar, eləcə də diskriminasiya hallarının sistemli şəkildə izlənilməsini tələb edir.

Hadisələr bəzi işçilərin psixoloji sağlamlığına ciddi təsir göstərib. On ildən artıq işləyən sürücülər bildiriblər ki, “Bunlar bizim həmkarlarımızdır - səhər birlikdə qəhvə içdiyimiz, güldüyümüz insanlar. Amma əslində bütün bu müddət ərzində bizə nifrət ediblər”. Digər bir işçi isə təhdidedici irqçi bağlama aldıqdan sonra uzunmüddətli xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalıb.

Məsələ təkcə “M Tag”la məhdudlaşmır. Hüquq müdafiəçilərinin 2024-cü ildə dərc olunan “Hüquqlara çıxış” araşdırmasına əsasən, sorğuda iştirak edən müsəlmanların 28 faizi son beş ildə iş yerində diskriminasiyaya məruz qaldığını bildirib. Müsəlman qadınlar daha çox diskriminasiya ilə üzləşiblər - onların 34 faizi diskriminasiya yaşadığını deyib.

“Mediapart”ın sorğularına baxmayaraq, “M Tag” rəhbərliyi açıqlama verməkdən imtina edib. CGT namaz xalçalarının zibil qutusuna atılmasından sonra “dini motivlə əmlaka qəsdən ziyan vurma” maddəsi üzrə iddia qaldırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
azertag.az

2Mənbələr