Dəyişən dünyada getdikcə beynəlxalq birliyin söz sahibi olan, aparıcı üzvlərindən birinə çevrilən Azərbaycan həmişə mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq siyasəti yürüdüb. Başqa ölkələrlə yanaşı, ABŞ-Azərbaycan arasında da ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusən də siyasi, iqtisadi və strateji sahələrdə yüksələn xətlə inkişaf edir, qarşılıqlı anlaşmaya xidmət edən xoş münasibətlər qurulur. Azərbaycanın gündən-günə dünyada və regionda artan nüfuzu və ABŞ-nin strateji maraqları qurulan münasibətlərin dayaqlarını daha da möhkəmlədir.
Amma təəssüflər olsun ki, 1992-ci ildə ABŞ Konqresində qəbul edilmiş "Azadlığa Dəstək Aktı"na elə həmin il əlavə olunmuş 907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrinin inkişafına əngəl yaradır. ABŞ prezidentləri 2001-ci ildən başlayaraq hər il bu qanunun tətbiqini dayandırmışlar. Bu gün isə həmin düzəlişin tamamilə ləğv olunması istiqamətində mühüm işlər aparılır, zəruri addımlar atılır. Çünki Azərbaycan artıq ABŞ-nin ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Deməli, 907-ci düzəlişin ləğv edilməsi zamanın tələbidir.
Xatırladaq ki, "Azadlığa Dəstək Aktı" SSRİ-nin dağılmasından sonra Rusiya və müstəqil olmuş digər postsovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur. Sonrakı illər bura humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub. Təəssüflər olsun ki, elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə, həmçinin yerli özünüidarəetmə qurumlarına birbaşa yardımı qadağan edir. Düzəlişin ortaya çıxmasına, qəbul olunmasına səbəb isə inandırıcı olmayan bir arqument göstərilib. Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməniləri blokadada saxlayır. Heç bir əsaslı səbəb olmadan qəbul edilən 907-ci düzəliş 1992-ci ildən 2002-ci ilə qədər Azərbaycana ABŞ-dən birbaşa yardımın göstərilməsinin qarşısını alıb.
907-ci düzəlişin qəbul olunması nəticəsində yeni müstəqillik qazanmış və böyük çətinliklərlə üzləşən Azərbaycan səkkiz il ABŞ-dən yardımı ala bilməyib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. Bu istiqamətdə mühüm işlər aparılıb.
Ulu Öndər Heydər Əliyev 27 iyul-7 avqust 1997-ci ildə ABŞ-yə rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük zərbə vuran 907-ci əlavənin ləğvinin zəruriliyini Prezident Klintona və Konqres üzvlərinin diqqətinə çatdırıb. 1 avqust 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin ləğv ediləcəyini deyib.
Ulu Öndər Heydər Əliyevin Nümayəndələr Palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bildiriblər. ABŞ erməni icması və lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana məhdud da olsa, müxtəlif yardımlar edib. 2000-ci ilin fevralında Heydər Əliyevin ABŞ-yə səfəri zamanı müdafiə naziri Uilyam Kohenlə 907-ci düzəlişin daha çox qarşısını aldığı hərbi əməkdaşlıq məsələlərindən danışılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun-müddətli münaqişənin həllinə doğru atılan ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Keçirilən tarixi görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu.
Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdən bəri müzakirə olunan 907-ci düzəlişin dayandırılması ilə bağlı qərarın verilməsi də rəsmən elan edildi. Azərbaycan Prezidenti İlham Əliyev bu qərarı "33 il sonra ədalətin bərpası" kimi qiymətləndirdi.
907-ci düzəliş ABŞ tərəfindən hələ ki, ləğv edilməyib, sadəcə olaraq bir il müddətinə dondurulub. ABŞ qanunvericiliyinə görə, düzəliş yalnız onu qəbul edən orqan - Konqres tərəfindən ləğv edilə bilər. Prezidentin düzəlişi bir il müddətinə dondurmaq səlahiyyəti var.
Heç bir blokadanın olmadığı, Azərbaycanla Ermənistan arasında sülh, normallaşma prosesinin davam etdiyi, kommunikasiyaların açılması məsələsinin müzakirə olunduğu, ticarət əlaqələrinin bərpa edilməsi istiqamətində işlərin aparıldığı bir vaxtda heç bir əsası olmayan 907-ci düzəlişin ləğvi çox vacib məsələdir. Nəhayət, haqsızlığa, ədalətsizliyə son qoyulmalıdır.
Hazırda 907-ci düzəlişin ləğv edilməsi istiqamətində Konqresin özündə də müəyyən işlər aparılır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir. Bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Qeyd edək ki, artıq bu barədə Konqresin saytında da məlumat yerləşdirilib. Luna bu addımın ABŞ-nin regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınaraq, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil. Anna Paulina Luna dediklərinə onu da əlavə edib ki, qanun layihəsinin qəbul olunması Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"