AZ

AzTV bəzi tarixi türk seriallarının yayımlanmasını niyə dayandırıb?

Hörmətli redaksiya!

Artıq illərdir telekanallarımızda tarixi türk seriallarının yayımlanması məni də bir tamaşaçı olaraq cəlb etmişdi və həmin filmlərin izləyicisi olmuşdum. Bu seriallar soyumuzun qədim tarixini, mədəniyyətini dünyaya tanıtmaq, gənc nəslin milli kimliyini gücləndirmək, eləcə də milli birliyi möhkəmləndirmək baxımından böyük əhəmiyyət kəsb edir və ölkənin dövlət televiziyası olan AzTV-də yayımlanması təqdirəlayiq haldır. 

Adətən biz tamaşaçılar həftənin müəyyən günlərində və məlum saatlarda nümayiş etdirilən seriallara köklənir, hadisələrin sonundan, qəhrəmanların taleyindən axıradək xəbərdar olmağa çalışırıq. Başqa sözlə, şəxsi vaxtımızı həmin serialların nümayişinə uyğunlaşdırırıq.

Nədənsə, televiziya rəhbərliyi tamaşaçı marağını ya unudur, ya da buna əhəmiyyət vermir. Məsələn, uzun müddət nümayiş etdirilən "Quruluş Osman" türk serialı qəflətən, tamaşaçıya heç bir bildiriş və məlumat verilmədən dayandırıldı.

"Səlahəddin Əyyubi: Qüdsün fatehi" serialı da eyni aqibəti yaşadı.

"İstanbul. Paytaxt Əbdülhəmid" isə başqa tale yaşadı. AzTV-nin proqramından "Mədəniyyət" kanalıına başqa "qrafik"lə keçirildi. Necə deyərlər, salamsız-kəlamsız. Fikrimcə, çoxsaylı tamaşaçı kütləsinə bu tarixi serialların davamının nə vaxt yayımlanacağı haqqında ətraflı  məlumat verilməlidir. Bu, tamaşaçının haqqı olmaqla yanaşı, eyni zamanda TV-nin öz tamaşaçısına hörmətinin bir nümunəsi olardı.

B.MİRZƏYEV,

Binəqədi kənd sakini, təqaüdçü

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr