Moskva, 27 dekabr, AZƏRTAC
Azərbaycanla Ermənistan arasında sülh prosesində nəzərəçarpacaq irəliləyiş, münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və ticarət-iqtisadi əlaqələrin bərpası istiqamətində atılan praktiki addımlar fonunda ABŞ-ın
“Azadlığa dəstək aktı”na əlavə edilmiş “907-ci düzəliş” məsələsi yenidən diqqət mərkəzindədir. 1990-cı illərin əvvəllərində münaqişə şəraitində və ermənipərəst lobbinin təsiri altında qəbul edilmiş bu düzəliş regionda reallıqların köklü şəkildə dəyişməsinə, hər hansı blokadanın olmamasına və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə baxmayaraq, formal olaraq qüvvədə qalmaqda davam edir.
“Qafqaz xəbərçisi” (“Vestnik Kavkaza”) agentliyinin baş direktorunun müavini, politoloq Andrey Petrov AZƏRTAC-a müsahibəsində Ermənistan–Azərbaycan nizamlanmasının hazırkı mərhələsini, Cənubi Qafqazda sülh gündəliyinin perspektivlərini, “907-ci düzəliş”in saxlanılmasının əsaslı olub-olmamasını və onun ləğvi ilə bağlı mümkün ssenariləri dəyərləndirib.
– Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin indiki mərhələsini, habelə kommunikasiyaların açılması və ticarət əlaqələrinin bərpası istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?
– Cari ildə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesində həqiqətən də çox ciddi irəliləyiş əldə edilib. Mart ayında sülh müqaviləsinin mətni razılaşdırılıb, avqustda isə paraflanıb. Əsas hadisə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda Donald Trampın iştirakı ilə keçirdikləri görüş olub və onun yekununda Birgə Bəyannamə imzalanıb. Bu sənəd hər iki tərəfin sülh gündəliyinin irəli aparılmasına sadiqliyini və Cənubi Qafqazda sülh vəziyyətinin dönməzliyini təsbit edib.
Azərbaycan əvvəldən regionun sülh yolu ilə inkişafında maraqlıdır və prinsipial məqam ondan ibarətdir ki, Ermənistan ilk dəfə analoji mövqeyini sənəd şəklində təsdiqləyib. Bu isə payızda və qışın əvvəlində izlədiyimiz praktiki addımları mümkün edib. Bunlara Azərbaycan ərazisindən Ermənistan istiqamətində yüklərin tranzitinə icazə verilməsi, həmçinin Azərbaycan benzininin Ermənistana satışı ilə bağlı ilk kommersiya sazişinin bağlanması daxildir. Bütün bunlar əldə olunmuş sülh razılaşmalarının birbaşa nəticəsidir.
– Sizin fikrinizcə, hazırkı şəraitdə hər hansı blokadanın olmaması və regionda baş verən müsbət dəyişikliklər fonunda ABŞ-ın “Azadlığa dəstək aktı”na edilən “907-ci düzəliş”in saxlanılması nə dərəcədə əsaslıdır?
– Mövcud şəraitdə “907-ci düzəliş”in ABŞ qanunvericiliyində saxlanılması üçün heç bir əsas yoxdur. Bu düzəliş əvvəldən ədalətsiz olub, ABŞ Konqresində ermənipərəst millətçi lobbinin təsiri altında qəbul edilib və Ermənistanın Azərbaycanın ərazilərində apardığı işğalçı siyasətə dəstək məqsədi daşıyıb.
Bu gün vəziyyət prinsipial şəkildə fərqlidir. İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq beş il keçir, iki ildən artıqdır ki, Xankəndidə separatçı rejimin ləğvi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Belə şəraitdə bu düzəlişin saxlanılması təkcə məntiqli və ədalətli deyil, hətta onun üçün formal əsas da yoxdur. Bu düzəliş hər zaman əsassız idi, bu gün isə tamamilə mənasını itirib.
– Perspektivdə bu düzəlişin tam ləğv olunacağını gözləmək olarmı? Vaşinqtonun “907-ci düzəliş”ə yanaşmasının dəyişməsinə bu gün hansı amillər mane olur və mövqenin dəyişməsinə nə təsir göstərə bilər?
– Bu gün “907-ci düzəliş”in ləğvi perspektivlərinə şübhə etmək üçün demək olar ki, heç bir əsas yoxdur. Avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Donald Tramp bu normanın ABŞ qanunvericiliyindən çıxarılması ilə bağlı öhdəlik götürüb və hazırda müvafiq proses artıq başlanıb. Bununla yanaşı, ABŞ-da erməni lobbi dairələrinin müqaviməti müşahidə olunur ki, bu da prezidentin həmin düzəlişin icrasını dayandırmaq səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş cəhdlərdə özünü göstərir.
Lakin bu qüvvələrin imkanları obyektiv olaraq məhduddur. Konqresdə çoxluq respublikaçılara məxsusdur və Donald Tramp partiyanın şərtsiz lideri olaraq qalır. Düzəlişin ləğvi lehinə əsas amil onun saxlanılmasının ABŞ üçün heç bir fayda verməməsidir. Əgər Vaşinqton Cənubi Qafqazda təsirini genişləndirməkdə maraqlıdırsa, onun Azərbaycanla qarşılıqlı fəaliyyət üçün tam sərbəstliyə ehtiyacı var ki, bu da hazırda “907-ci düzəliş”in mövcudluğu ilə məhdudlaşır. Məhz bu səbəbdən onun yaxın perspektivdə tam ləğv ediləcəyini yüksək ehtimalla gözləmək olar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva