AZ

BDU-nun "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Ötən gün AzEdu.az və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, müxbir Esmira Əliyeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Tədbir Ramin Səmədovun niqti ilə başlayıb. O, qonaqları və tələbələri salamlayıb, "Brend tələbə" adına layiq görülən təhsilalanları təbrik edib.

175208

“Ölkənin ilk və ən böyük təhsil portalı olan AzEdu.az-ın təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin “Brend tələbə”lərinin mükafatlandırılması münasibətilə bir araya gəlmişik. Bu tədbirin keçirilməsi ilə bağlı öz dərin minnətdarlığımı bildirirəm.

Burada əyləşən hər bir gənc, universitetimizin fəal tələbə təşkilatlarının nümayəndələridir. Onlar universitetin ictimai və sosial həyatında mühüm rol oynayır, həmçinin bir çoxu artıq əmək fəaliyyətinə də başlayıb. Düşünürəm ki, sizlər digər tələbələr üçün nümunəsiniz.

Belə tədbirlərin keçirilməsi gənclərin motivasiyasında xüsusi rol oynayır. Tələbələrimizə göstərdiyiniz diqqətə görə bir daha təşəkkür edirəm”.

Daha sonra Elşad Eyvazlı "Brend tələbə" adına layiq görülən gəncləri təbrik edib:

175209

“Bu layihəmizdə artıq 29 ali təhsil müəssisəsi iştirak edir. Hər biriniz özlüyünüzdə bir nümunəsiniz və bizim də əsas məqsədimiz sizin kimi gəncləri ictimaiyyətə tanıtmaqdır.

Arzu edirəm ki, həyat yolunuzun hər bir mərhələsində formalaşdırdığınız şəxsi və peşəkar nüfuzunuzu, başqa sözlə, “brend” dəyərinizi qoruyub saxlaya biləsiniz. Ali təhsil müəssisəsinə qəbul olunduğunuz zaman bu nailiyyəti bəlkə də ən böyük uğur kimi dəyərləndirmisiniz. Lakin təhsil prosesində aydın olur ki, hər bir inkişaf mərhələsi davamlı zəhmət, əzmkarlıq və prinsipial mövqe tələb edir.

Hazırda isə sizi həyatınızın yeni və daha məsuliyyətli mərhələsi – peşəkar fəaliyyət dövrü gözləyir. Bu mərhələdə də fərqlənmək və etibarlı, nümunəvi mütəxəssis kimi tanınmaq üçün əldə etdiyiniz bilik və bacarıqları maksimum səviyyədə tətbiq etməyiniz zəruridir”.

Ləman Novruzova qalib tələbələri təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb:

175210

"İlk növbədə hər birinizi təbrik edirəm. Bakı Dövlət Universiteti ali təhsil müəssisələri arasında ən çox tələbə sayı olan ali məktəblərdən biridir. Hətta qeyd edərdim ki, birincidir. Siz minlərlə tələbənin içərisindən seçilən 10 nəfər olmusunuz. Düşünürəm ki, bu həm qürurvericidir, həm də  böyük bir məsuliyyətdir. Bilik və bacarıqlarınızın yüksək qiymətləndirilməsi nəticəsində siz "Brend tələbə" adına layiq görülmüsünüz. Düşünürəm ki, bu gün olduğu kimi, gələcəkdə də bu etimadı doğruldacaqsınız. 

Artıq üçüncü ildir ki, AzEdu.az Təhsil Portalı bu təşəbbüsü uğurla həyata keçirir. Layihə ilk mərhələdə 20 ali təhsil müəssisəsini əhatə etdiyi halda, cari ildə 29 universitetin iştirakı ilə daha geniş miqyas alıb. Qarşıya qoyulan əsas məqsəd isə Azərbaycanın bütün ali təhsil müəssisələrini bu əhəmiyyətli təşəbbüs ətrafında birləşdirməkdir.Görüşdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkürümü bildirir, akademik və peşəkar fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinin (BDU) "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Mikayıl İsmayılov- Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi;
Fidan Quliyeva- Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi;
Heydər Aslanov- Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi;
Aysu Mehdiyeva- Geologiya fakültəsinin tələbəsi;
Mehriban Ağabəyli- Kimya fakültəsinin tələbəsi;
Xədicə Məmmədova- Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi;
Nuray Cəfərova- Mexanika-riyaziyyat fakültəsinin tələbəsi;
İsmət Bayramov- Hüquq fakültəsinin tələbəsi;
Rəşid Qurbanlı-  İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi;
Asif Əliyev- Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi.

Seçilən
25
1
azedu.az

2Mənbələr