AZ

Yeni ilə sağlam başlamağın sirri… – Nələrə diqqət etməli? 

Qarşıdan gələn Yeni İl bayramı bu dəfə ardıcıl 5 qeyri-iş günü ilə yadda qalacaq. Uzun istirahət, bol süfrələr, gecəyarısına qədər davam edən məclislər və pozulan gündəlik rejim isə bir çox insan üçün bayramdan sonra halsızlıq, çəki artımı və həzm problemləri ilə nəticələnir.

Bəs bayram günlərində necə qidalanmaq, yuxu və gündəlik rejimi necə qorumaq lazımdır ki, Yeni ilə sağlam başlayaq?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan dietoloq Nigar Sultanova bildirib ki, əsas problem bayram süfrəsinin zənginliyində yox, ölçüsüz qidalanmadadır:

“Yeni İl süfrəsində qadağan olunmuş yemək yoxdur. Problem ondadır ki, insanlar ‘ildə bir dəfədir’ düşüncəsi ilə hər şeydən normadan artıq yeyirlər. Orqanizm isə bunu ciddi stres kimi qəbul edir.”

Dietoloqun sözlərinə görə, bayram axşamı ərəfəsində gün boyu ac qalmaq ən böyük səhvlərdən biridir:

“Axşam çox yemək üçün səhər və naharı buraxmaq maddələr mübadiləsini zəiflədir. Nəticədə insan gecə daha nəzarətsiz yeyir. Gün ərzində yüngül, amma balanslı qidalanma mütləqdir. Xüsusilə Yeni İl süfrəsində yağlı salatlar, mayonezli yeməklər, qızartmalar və şirniyyatların eyni anda qəbul edilməsinin riskli olduğunu vurğulayır. Bir boşqaba hər yeməkdən yığmaq düzgün deyil. Yağlı isti yeməklərlə şirniyyatları eyni vaxtda yemək mədə-bağırsaq sisteminə və mədəaltı vəzə böyük yük salır. Seçim edin, ya əsas yemək, ya da desert.”

Spirtli içkilərlə bağlı da dietoloq xəbərdarlıq edir. Onun sözlərinə görə, alkoqol bayram süfrəsinin ən təhlükəli hissəsidir:

“Alkoqol iştahanı artırır və insan nə qədər yediyini hiss etmir. Üstəlik, orqanizmdə susuzluq yaradır. Hər qədəh alkoqoldan sonra bir stəkan su içmək həm baş ağrısının, həm də halsızlığın qarşısını alır.”

5 günlük istirahət dövründə yuxu rejiminin pozulması da qaçılmazdır. Dietoloq bildirir ki, gecə 3–4-ə qədər oyaq qalmaq bioloji ritmi pozur:

“Bayram gecəsi istisna ola bilər, amma sonrakı günlərdə yuxu rejimi bərpa edilməlidir. Əks halda işə qayıdanda yorğunluq, diqqət dağınıqlığı və əsəbilik yaranır. Bayram günlərində də mümkün qədər eyni saatlarda yatıb-durmaq, gündüz yuxusunu 30–40 dəqiqədən artıq etməmək lazımdır. Axşam saatlarında ağır və gec həzm olunan yeməklərdən uzaq durmaq keyfiyyətli yuxu üçün vacib şərtdir.

Dietoloq hərəkətsizliyə də diqqət çəkir: “5 gün evdə oturmaq əvəzinə hər gün ən azı 30–40 dəqiqə piyada gəzmək, açıq havada vaxt keçirmək həm həzmi yaxşılaşdırır, həm də artıq kalorilərin yığılmasının qarşısını alır.”

Mütəxəssisin fikrincə, Yeni İl bayramını sağlam keçirməyin əsas qaydası öz bədənini dinləməkdir: “Bayram özünü cəzalandırmaq yox, zövq almaq üçündür. Amma bu zövq sağlamlıq hesabına olmamalıdır. Az, balanslı və şüurlu qidalanma ilə Yeni ilə həm xoş əhval, həm də sağlam bədənlə başlamaq mümkündür.”

Seçilən
51
nocomment.az

1Mənbələr