Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda yaşayan İsa və Hale Kereci cütlüyü süni intellektlə hazırlanmış saxta investisiya videosu vasitəsilə fırıldaqçıların qurbanı olduqlarını bildiriblər.
Milli.Az xəbər verir ki, cütlük ümumilikdə 1 milyon 500 min lirə məbləğində maddi zərərə düşdüklərini deyərək prokurorluğa müraciət edib.
Kadıköy məhəlləsində yaşayan 53 yaşlı dəmiryığan İsa Kereci və 4 uşaq anası olan 48 yaşlı həyat yoldaşı Hale Kereci bildiriblər ki, Facebook-da qarşılarına çıxan investisiya reklamına kliklədikdən sonra proses başlayıb. İlkin mərhələdə az məbləğlərlə yatırım etdiklərini düşünən cütlük sonradan "sənəd haqqı", "sığorta xərcləri", "vergi borcu" və "Mərkəzi Bank köçürməsi" kimi müxtəlif bəhanələrlə davamlı şəkildə pul köçürməyə məcbur edilib.
Onların sözlərinə görə, fırıldaqçılar ekran paylaşımı etdirməklə bank hesabları və kredit kartları üzərindən müxtəlif şəxslərə pul köçürülməsini təmin ediblər.
Kereci cütlüyü bu müddətdə sığortasız kredit götürdüklərini, əmanət hesablarındakı pulların çıxarıldığını, kredit kartlarından xərclər edildiyini, qızıllarını satdıqlarını və qohumlardan borc aldıqlarını deyiblər. Nəticədə fırıldaqçıların əlinə təxminən 1,5 milyon lirə keçdiyi iddia olunur.
Hadisədən sonra Samsun Ədliyyəsinə gedərək prokurorluğa cinayət işi açılması üçün müraciət etdiklərini bildirən cütlük vətəndaşları sosial şəbəkələrdə yayılan investisiya reklamlarına qarşı diqqətli olmağa çağırıb.
Fidan
Milli.Az