AZ

Azər Kərimli: “İdman gənclərin həm də dövlətçilik şüurunu möhkəmləndirən mühüm sahələrdən biridir”



“Məlumdur ki, müasir gəncliyin formalaşmasında və inkişafında idman aparıcı rollardan birinə malikdir. Təsadüfi deyil ki, ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxış edən cənab Prezident İlham Əliyevin nitqində də bu sahə əsas diqqət çəkən istiqamətlərdən biri kimi qeyd olunub. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Bu fikir idmanı yalnız nəticə yönümlü sahə deyil, cəmiyyətin gələcəyini müəyyən edən strateji vasitə kimi təqdim edir. Əlbəttə ki, belə praqmatik yanaşmada idman fiziki sağlamlıqla yanaşı, mənəvi kamillik və sosial məsuliyyət anlayışları ilə vəhdət təşkil edir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.


Millət vəkili daha sonra bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir: “Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha qeyd edir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri də gəncləri fiziki və mənəvi cəhətdən sağlam, milli-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu kontekstdə idman artıq sadəcə yarış meydanı deyil, həm də milli kimliyin və vətənə bağlılığın möhkəmləndiyi mühüm platforma kimi təqdim olunur. Çıxışda tamamilə doğru qeyd olundu ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Bu fikir idmanın ideoloji mahiyyətini açıq şəkildə ifadə edir. Məhz bu vəhdət gəncliyin və nəticə etibarı ilə ölkənin davamlı və daimi inkişafının təminatı kimi çııxış edə bilər. Həmçinin beynəlxalq yarışlarda Dövlət Bayrağının dalğalanması ilə bağlı səsləndirilən fikirlər idmanın milli qürur mənbəyi olduğunu göstərir. Bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkən cənab Prezident İlham Əliyevin dediyi kimi, hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Beş il əvvəl əldə olunmuş tarixi Qələbədən sonra idmançıların “müzəffər xalqın nümayəndələri” kimi çıxış etməsi onların üzərinə düşən məsuliyyəti daha da artırır. Əminliklə deyə bilərik ki, idman gənclərin həm fiziki, həm də mənəvi gücünü formalaşdıran, dövlətçilik şüurunu möhkəmləndirən mühüm siyasi və sosial institut kimi çıxış edir” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.




Seçilən
50
aia.az

1Mənbələr