AZ

AMEA-nın Gəncə Bölməsi 2025-ci ilin yekunlarını açıqladı

AMEA-nın Gəncə Bölməsində 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.

İclasda çıxış edən Bölmənin sədri, akademik Fuad Əliyev 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunmasının, həmçinin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsinin alimlər qarşısında yeni və daha məsuliyyətli vəzifələr qoyduğunu bildirib. O, Prezident İlham Əliyevin AMEA-nın yubiley tədbirindəki çıxışını Azərbaycan elmi üçün strateji proqram sənədi kimi qiymətləndirərək, milli-mənəvi dəyərlərin, dilimizin və tariximizin qorunması, eləcə də elmi nəticələrin cəmiyyətin rifahına xidmət etməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.

Hesabatda bildirilib ki, 2025-ci ildə Bölmədə humanitar və ictimai elmlər üzrə geniş tədqiqatlar aparılıb. Nizami Gəncəvinin irsi, Azərbaycan dili, ədəbiyyatı, folkloru, musiqi və incəsənəti, Qərb bölgəsinin tarixi, arxeoloji və etnoqrafik irsi əsas elmi istiqamətlər olub. İl ərzində 13 problemi əhatə edən 19 mövzu üzrə tədqiqatlar yekunlaşdırılıb, AMEA-nın 80 illiyinə həsr olunmuş “Gəncənin elm məbədi” kitabı və “Gəncənin elm və incəsənət xadimləri” monoqrafiyası nəşr edilib.

Hesabat ilində Bölmə əməkdaşları tərəfindən 2 kitab, 1 monoqrafiya, 47 elmi məqalə (9-u xaricdə), 83 konfrans materialı (14-ü xaricdə) dərc olunub. Elmi əsərlərə Scopus və Google Scholar bazalarında ümumilikdə 54 istinad qeydə alınıb.

Bölmədə rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb, “Rəqəmsallaşma, Süni İntellekt və Elektron Xidmətlər” şöbəsi yaradılıb, elektron sənəd dövriyyəsi tam tətbiq edilib və arxiv sənədlərinin 87 faizi elektron formata keçirilib. Elmi jurnalların P-ISSN və DOI göstəriciləri yenilənərək beynəlxalq sistemlərə inteqrasiya olunub.

2025-ci ildə Gəncə Bölməsində 2-si beynəlxalq olmaqla 6 konfrans, beynəlxalq vebinar, çoxsaylı dəyirmi masa, seminar, sərgi və maarifləndirici görüşlər təşkil edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin materialları ayrıca məruzələr toplusunda toplanıb.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri də il ərzində fəallıqları ilə seçilib, onların bir qismi AMEA rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Müzakirələrin sonunda Rəyasət Heyəti AMEA-nın Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətini məqbul hesab edib, aparılan işlərin yüksək elmi səviyyədə və müasir çağırışlara uyğun olduğunu qeyd edib.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

Seçilən
32
1
xalqqazeti.az

2Mənbələr