Ağdam Ermənistanın urbisid vəhşiliyindən təmizlənir
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etdirdiyi işğalçılıq və talançılıq siyasəti təkcə hərbi təcavüzlə məhdudlaşmayıb. Eyni zamanda, sistemli iqtisadi və ekoloji vandalizm xarakteri daşıyıb. İşğal dövründə suveren ərazilərimizdə yerləşən təbii sərvətlər məqsədli şəkildə istismar edilib, sənaye və kənd təsərrüfatı obyektləri ya talan olunub, ya da tamamilə sıradan çıxarılıb.
Məlum proseslər Ermənistanın dövlət səviyyəsində formalaşdırdığı qeyri-qanuni gəlir mexanizmlərinin mühüm tərkib hissəsinə çevrilib. Nəticədə talançılıq tək-tük faktlar yox, planlı və davamlı dövlət siyasəti kimi həyata keçirilib. Beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması fonunda aparılan bu fəaliyyətlər regionda uzunmüddətli sosial, iqtisadi və ekoloji fəsadlar yaradıb. Ermənistan rəhbərliyi isə bütün bu dağıdıcı əməlləri illər boyu ya inkar edib, ya da məsuliyyəti müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışıb. Azərbaycan dövləti 2020- ci ildə Qarabağ məsələsini öz gücü hesabına həll etdikdən sonra həmin talançılıq siyasətinin miqyası və nəticələri faktlar və sübutlar əsasında açıq şəkildə ortaya qoyulur.
Bu çərçivədə Prezident İlham Əliyevin dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində səsləndirdiyi fikirlər diqqəti cəlb edir. Dövlətimizin başçısının sözlərinə görə, işğal dövründə Ağdam demək olar ki, yer üzündən silinib. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb: “Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır”.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Dövlətimizin başçısının “urbisid” anlayışına müraciəti təsadüfi deyil və bu termin Ağdamın durumunu dəqiq təsvir edir. Söhbət, sadəcə, müharibə nəticəsində zərər görmüş şəhərdən yox, məqsədli şəkildə yer üzündən silinmiş yaşayış məkanından gedir. Ermənistanın davranışı spontan dağıntı deyil, planlı və mərhələli şəkildə həyata keçirilmiş talançılıq aktı olub. Binaların daşlarının sökülərək daşınması və satılması bu vandalizmin iqtisadi motivlərini açıq göstərir. Eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni izlərini silmək cəhdi etnik nifrət və mədəni soyqırımı niyyətini üzə çıxarır. Digər məqsəd, yəni geri dönüşü mümkünsüz etmək İrəvanın uzunmüddətli demoqrafik və siyasi planlarının tərkib hissəsi idi. Bu siyasət nəticəsində Ağdam təkcə fiziki deyil, həm də sosial yaddaş baxımından hədəfə alınıb. Şəhərin infrastrukturunun, yaşayış məkanlarının və ictimai obyektlərinin məhv edilməsi insanların doğma torpaqlarla bağlarını qırmağa yönəlmişdi. Ermənistan rəhbərliyi bununla, faktiki olaraq, beynəlxalq humanitar hüququn əsas prinsiplərini ayaqlar altına atıb. Lakin Prezidentin vurğuladığı kimi, bu siyasət iflasa uğradı. İllərlə qurulan bu dağıdıcı strategiya Azərbaycanın siyasi iradəsi və güclü dövlətçilik konsepsiyası qarşısında davam gətirə bilmədi. Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin Azərbaycan dövlətinin iradəsi ilə dirçəldilməsi Ermənistanın urbisid siyasətinin iflasa uğradığını açıq şəkildə sübut edir. Dövlətimizin başçısının Ağdamdan verdiyi mesajlar həm tarixi ədalətin bərpasını, həm də gələcəyə yönəlik qətiyyətli mövqeni ifadə edir. Bu fikirlər həm tarixi ədalətin bərpası, həm də talançılıq siyasətinə verilən ən tutarlı cavabdır.
***
Ümumiyyətlə, işğal dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin məqsədyönlü şəkildə silinməsi Ermənistanın düşmənçilik siyasətinin ən ağrılı və təhlükəli istiqamətlərindən biri olub. Məscidlərimizin dağıdılması, təhqir olunması və tövlələrə çevrilməsi təkcə vandalizm aktı deyil, eyni zamanda, dini dəyərlərə qarşı açıq hörmətsizlik nümunəsi idi. Qəbiristanlıqların, ziyarətgahların və tarixi abidələrin məhv edilməsi ilə Azərbaycan xalqının bu torpaqlardakı çoxəsrlik izlərini yox etmək məqsədi güdülürdü. Ermənistan bununla həm beynəlxalq hüququn, həm də UNESCO konvensiyalarının tələblərini kobud şəkildə pozurdu. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri sübut edir ki, mədəni irs yenidən dirçəlir, dağıdılan məscidlər, müqəddəs yerlər əvvəlki görkəmini alır. Bu proses həm tarixi ədalətin bərpası, həm də mədəni vandalizmə verilən prinsipial cavabdır.
Bütövlükdə, Ermənistanın işğal altında saxladığı ərazilərdə həyata keçirdiyi fəaliyyətlər açıq şəkildə talançılıq və qeyri-qanuni istismar siyasəti olub. Yaşayış evlərinin, sosial və sənaye obyektlərinin sökülməsi, az və ya çox dəyər daşıyan bütün avadanlıq və materialların, hətta evlərin taxtalarının sökülərək sistemli şəkildə Ermənistana və digər ölkələrə daşınması buna bariz sübutdur. Bu proses fərdi təşəbbüslər yox, mərkəzləşdirilmiş şəkildə idarə olunan mexanizm əsasında aparılıb. Paralel olaraq Azərbaycanın təbii sərvətləri – meşələr, faydalı qazıntılar, qızıl yataqları, mineral mədənlər amansızcasına istismar edilib. Ekoloji balansın pozulması, torpaqların yararsız hala salınması və su ehtiyatlarının çirkləndirilməsi uzunmüddətli fəsadlar yaradıb. Amma bu talançılıq siyasəti faktlarla sənədləşdirildi və dəyən ziyanın miqyası dəqiqləşdirildi.
İşğal dövründə və sonra həyata keçirilən kütləvi minalama siyasəti isə həmin ərazilərdə gələcək yaşayışı mümkünsüz etmək məqsədi daşıyan ən təhlükəli və qeyri-insani addımlardan biri idi. Torpaqların sistemli şəkildə minalanması sülhün yaranmasından sonra belə dinc əhalini hədəfə almağa hesablanmış gizli təhdid mexanizmi kimi çıxış edir. Azad edilmiş ərazilər üzrə mina xəritələrinin verilməməsi və ya bilərəkdən yanlış təqdim edilməsi bu siyasətin davamı kimi qiymətləndirilir. Nəticədə yüzlərlə soydaşımız, o cümlədən mülki şəxslər, bərpa işlərində çalışan mütəxəssislər mina partlayışlarının qurbanına çevrilib. Bu faciələr ailələr üçün sağalmaz yaralar açmaqla yanaşı, bölgəyə qayıdış prosesini də ciddi şəkildə ləngidir. Ermənistanın bu addımları beynəlxalq humanitar hüququn, xüsusilə də müharibədən sonrakı dövrdə mülki əhalinin müdafiəsini nəzərdə tutan konvensiyaların açıq pozuntusudur.
İşğal altında olmuş ərazilərdə bir sıra Qərb şirkətlərinin qanunsuz fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır. Bu fəaliyyətlər talançılıq siyasətinin beynəlxalq ölçü aldığını göstərirdi. Həmin şirkətlər İrəvanın yaratdığı keçmiş separatçı rejimlə əməkdaşlıq edərək Azərbaycanın milli sərvətlərinin istismarında bilavasitə iştirak ediblər. Söhbət təkcə iqtisadi maraqlardan yox, beynəlxalq hüququn açıq şəkildə pozulmasından gedir. Buna baxmayaraq, uzun müddət bu fəaliyyətlərə qarşı adekvat hüquqi və siyasi tədbirlərin görülməməsi ikili standartların mövcudluğunu üzə çıxarıb. Qanunsuz qazanc əldə edən tərəflər məsuliyyətdən yayınsa da, faktlar artıq sənədləşdirilib. Bu məsələ beynəlxalq hüquqi müstəvidə qiymətini almalı, Azərbaycanın sərvətlərinin talanında iştirak edən bütün subyektlər cavabdehlik daşımalıdır.
Səxavət HƏMİD
XQ