İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır.
Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir.
İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və QHT-lər hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər: ictimai siyasətin təkmilləşdirilməsi və ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi; monitorinq və islahat mexanizmlərinin təşviqi.
Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir.
Missiya eynidir: qanunu bir alət kimi istifadə etməklə, ictimai marağı təmsilən sosial problemləri həll etmək. Bütün bunlar da insan haqları, demokratiya, açıq cəmiyyət və qanunun aliliyi kimi prinsiplərə əsaslanır. Bu kontekstdə, ailə institutunun qorunması və ailə dəyərlərinin təbliği məsələsi də ictimai maraqların əsas istiqamətlərindən birini təşkil edir.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, ölkəmizdə ailə institutunun qorunması üçün müxtəlif addımlar atılmaqdadır:
“İctimai maraqlar dedikdə, biz ümumilikdə cəmiyyətin, insanlarımızın maraqlarını nəzərdə tuturuq. Burada dövlətin müxtəlif istiqamətlərdə yürütdüyü siyasət var. İctimaiyyətdə həssas kateqoriyalara aid insanlar olur. Gender bərabərliyi ilə əlaqədar, qadınlara münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş məqamlar var.

Bu da bizim ənənəvi dəyərlərimizdən irəli gəlir. Azərbaycan ənənəvi dəyərlərə hörmət bəsləyən bir dövlətdir. Biz hüquqi dövlət olsaq da, qadınlara münasibət bir az fərqlidir. Məsələn, qadınların hərbi xidmətdən azad olması, bəzi işlərdə qadınların çalışmasının nəzərdə tutulmaması, əmək qanunvericiliyində qadınlara münasibətdə daha üstün məqamların əks olunması və s.
Digər tərəfdən, cinayət qanunvericiliyində də qadınlara müəyyən güzəştlər var. Məsələn, ömürlük azadlıqdan məhrumetmə cəzası qadınlara tətbiq olunmur. Dövlət qanunvericilikdə cəmiyyətin maraqlarının qorunması üçün ayrı-ayrı həssas kateqoriyalara münasibətdə, mümkün qədər hüquqi dövlətin maraqlarına xələl gətirməyəcək səviyyədə addımlar atır”.
Hüquqşünas vurğulayıb ki, ailə institutunun qorunması üçün biz cəmiyyət olaraq, çoxlu addımlar atmalıyıq:
“Ailə institutu ayrıca bir sahədir. Ailə dövlətin təməli, kiçik dövlət modelidir. Bunlar Azərbaycan xalqının mental dəyərlərindən irəli gələn məqamlardır.
Lakin ailə mövzusunda məcburi yaxud icbari yanaşmalar hüquqi dövlətin prinsiplərinə zidd gələr. Azərbaycan qanunvericiliyinə görə, ailə qadın və kişi cinsindən olan 2 şəxsin sevgiyə, məhəbbətə əsaslanmış könüllü ittifaqıdır.
Bunun məcburi edilməsi yaxud ailə qurmuş şəxslərin boşanmasına qarşı hər hansı imperativ normanın qanunvericilikdə əks olunması hüquqi dövlətin təməl prinsiplərinə ziddir. Heç kimi məcburi şəkildə könüllü imzalanan ittifaqa daxil etmək olmaz.
Yaxud kiminsə həmin ittifaqdan məcburi şəkildə çıxmasının qarşısını almaq olmaz. Ailə dəyərlərinin təbliğ edilməsi, maarifləndirilməsi, qanunvericilikdə bu istiqamətdə insanları buna sövq edən məqamların əks olunması dövlətin marağında olmalı olan məsələdir. Azərbaycan qanunvericiliyində bu məqamlar var. Məsələn, ailə qurmuş şəxslərə boşanmaq istəyərkən, məhkəmələrin üzərinə vəzifə qoyulur ki, öncə mediasiya institutuna müraciət olunmalıdır.
Mediasiya məhkəməyə müraciət etməzdən əvvəl, tərəfləri barışığa dəvət etməkdir. Hüquqi dövlət üçün nələr imkan verirsə, hansı həddə qədər imperativ xarakter daşıyan məqamların qanunvericilikdə nəzəri yaxud praktiki baxımdan tətbiq edilməsi mümkündürsə, Azərbaycan dövləti həmin addımları atır. Digər məqamlar isə tövsiyə və maarifləndirmə formasında ola bilər. Ailə institutunun qorunması üçün biz cəmiyyət olaraq, çoxlu addımlar atmalıyıq”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız