Bayaq bir yazı oxudum, məni illər əvvələ apardı. 90-cı illərin jurnalistikası xəyalımda canlandı. O qədər axıcı, o qədər detallı, bütün məqamları özündə əks etdirən və əsl jurnalist işi kimi.
Quru xəbərlər, məqalələr bizi səhifələrdən itələyir əksər hallarda. Oxuya bilmirik. Bir az özümüzü tənqid etmək istəyirəm. Düşündüyümü yazıram, mənim düşüncəmdə mediamızın bugünkü durumu elə aşağıda qeyd etdiyim kimidir.
Hər çatışmazlığı siyasi şəraitə bağlamağın tərəfdarı deyiləm.
Bir jurnalist üçün informasiya, reportaj yalnız sözlər toplusu deyil: o, vicdanın, düşüncənin əks-sədasıdır. Oxucu ilə birbaşa ünsiyyət, onun hislərinə toxunmaq, düşüncəsini oyatmaq vicdanlı jurnalistin işidir. Lakin gəlin dürüst olaq: bu gün Azərbaycan mediası bu müqəddəs işi görməkdə çətinlik çəkir. Bu çətinliklər qanayan yaralara bənzəyir.
Medianın ən dərin yarası peşəkarlığın geridə qalması, yarımçıq müşahidə və texniki jurnalistikadır. Qısa müddət xəbər saytlarını araşdırın, izləyin özünüz şahid olacaqsınız. Hər gün media mühitində rast gəldiyimiz bir şey var: sensasiya, səthi başlıqlar və “clickbait” mətni. Başlıqlar qışqırır, mətndə isə əks-səda yoxdur. Bu, oxucunu cəlb edir amma etibarın itirilməsi hesabına. Yəni ödəniş qazancdan daha çox olur.
Jurnalistika press-relizlərin olduğu kimi xəbər saytında dərc olunmasının harasındadır?! “Copy‑paste mədəniyyəti” ilə hansı hədəfə çata bilərik?! Sitatlar bir mətndən o birinə köçürülür, fakt yoxlanmır, kontekst itir. Oxucu da özünü hər dəfə eyni filmə baxan kimi hiss edir. Bu təkcə jurnalistikanın keyfiyyətini aşağı salmır, həm də ictimai etimadı yox edir.
Araşdırma jurnalistikası?! Bu haqda heç danışmayaq....
Və daha acı həqiqət: bir çox mediada etik standartların pozulması hər gün baş verir. Fakt yoxlamasının olmaması, xəbər oğurluğu, qarşı tərəfin mövqeyinin alınmaması halları oxucuda medianı sırf “məlumat maşını” deyil matuşa çevirdiyi hissini yaradır.
Bir jurnalist üçün ən böyük günah səssiz qalmaq deyil, səthi yazmaqdır. Biz mediadan niyə yüksək keyfiyyət gözləyirik? Çünki jurnalistika cəmiyyətin aynasıdır. O, yalnız xəbəri çatdırmır o, ictimai yaddaşı formalaşdırır.
Eyni zamanda jurnalistlərin müşahidə qabiliyyətinin zəifliyi gerilik yaradır. Yaxşı jurnalist hadisəni yalnız görə bilmir, həm də araşdırır, analiz edir və incə detalları nəzərə alır. Təəssüf ki, çox jurnalist hadisəni səthi görür, sadəcə qeydə alınan məlumatı köçürür. Nəticədə oxucu xəbəri sadəcə “başlıq + bir neçə cümlə” səviyyəsində alır və hadisənin mahiyyəti əks olunmur. Başqa sözlə, jurnalist hadisəni sadəcə “görür”, amma onu oxucu üçün hiss etməyə çevirmir.
Bilirsiniz, indi jurnalistlərin böyük qisminin baş vermiş hər hansı hadisə ilə bağlı ümumiyyətlə mövqeyi olmur.
Bütün bu çatışmazlıqlar medianın “axill dabanı”nı göstərir. Amma mən pozitiv olmağa çalışıram, hər problemi eyni zamanda bir fürsət kimi görməyin tərəfdarıyam.
Azərbaycan mediasında sözsüz ki, vicdanlı və peşəkar jurnalistlər var. Hər bir jurnalist öz işinə məsuliyyətlə yanaşsa, hər redaksiya etik və texniki standartlara sadiq qalsa, oxucu ilə səmimi dialoq qurmaq üçün cəhd göstərsə, media yalnız xəbəri ötürən qurum deyil cəmiyyətin aynası və etibarlı rəhbəri də olar.
Yəni çətinliklər böyükdür, amma imkanlar da az deyil. Məsələ yalnız istəkdədir. Medianın gələcəyi, onun oxuculara verdiyi dəyər və ictimaiyyətin etimadı birbaşa jurnalistlərin peşəkarlığından asılıdır.
Bu yolda hər addım, hər məsuliyyətli yazı və hər dürüst xəbər Azərbaycan medianın gücünü artırır. O dabanı sağaltmaq mümkündür.
P.S. Yazıdakı tənqidlər özümə və Yenisabah.az da aiddir.
Elnur Məmmədli
Telegram kanalımız