"Tramp-Zelenski görüşündə əsas gündəm atəşkəs, referendum və təhlükəsizlik zəmanətləri olacaq..."
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin bu bazar günü Floridada, Mar-a-Laqo iqamətgahına planlaşdırılan səfəri zamanı müharibənin dayandırılması ilə bağlı irəliləyiş əldə olunacağına nikbin yanaşdığını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.
Nəşrinin yazdığına görə, Tramp tərəflərin atəşkəsə razılaşmaq üçün "yaxşı şanslara" malik olduğunu düşünür. "Düşünürəm ki, indi bunu etmək istəyirlər. Məncə, Rusiya da istəyir. Amma çox vaxt bir tərəf istəyərkən, digəri istəmir", - Tramp bildirib. O, Rusiya-Ukrayna müharibəsini indiyədək qarşılaşdığı ən çətin münaqişə adlandırsa da, nəticəyə ümid etdiyini vurğulayıb.
20 maddəlik plan və əsas fikir ayrılıqları
"The Wall Street Journal" yazır ki, Zelenski Tramp ilə görüşdə 20 maddədən ibarət yeni sülh planı üzrə qalan əsas fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaq. Söhbət ərazi məsələlərindən, ABŞ-ın verəcəyi təhlükəsizlik zəmanətlərindən və mümkün referendumdan gedir.
Plan Donetsk vilayətinin bir hissəsinin taleyi, Rusiya nəzarətində olan Zaporojye AES-in statusu və təhlükəsizlik mexanizmlərini əhatə edir. Vaşinqton demilitarizasiya olunmuş "azad iqtisadi zona" ideyasını irəli sürür. Zelenski isə bu variantı yalnız Rusiyanın da paralel şəkildə qoşunlarını geri çəkməsi şərti ilə müzakirə etməyə hazır olduğunu bildirib.
Trampın sərt mövqeyi və qeyri-müəyyənlik
Bununla yanaşı, Tramp Zelenskinin təşəbbüsünə birmənalı dəstək vermir. "Politico"ya müsahibəsində ABŞ prezidenti açıq şəkildə bildirib: "Onun mən təsdiqləməyincə heç nəyi yoxdur. Baxaq görək nə gətirib". Nəşrlər qeyd edir ki, Vaşinqton Kiyevdən güzəştlər gözləyir, Moskva isə hələlik maksimalist mövqeyindən geri çəkilmir. Buna baxmayaraq, Tramp görüşün "məhsuldar" olacağına ümid etdiyini deyib.
"Rusiya atəşkəsə razılaşıb"
"Axios"un məlumatına görə, Rusiya ilk dəfə olaraq yekun razılaşmadan əvvəl atəşkəsə razılıq verib və bunu siyasi həll üçün zəruri addım kimi qəbul edib. Bu atəşkəs mübahisəli ərazilərlə bağlı mümkün referendum üçün şərait yarada bilər. ABŞ rəsmilərinin sözlərinə görə, bu, Tramp administrasiyasının sülh planında irəliləyiş sayılsa da, əsas mübahisə Donbas üzərində nəzarət və atəşkəsin müddəti olaraq qalır: Kiyev 60 gün, Moskva isə daha qısa müddət tələb edir.