Xankəndi, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dekabrın 27-dən Xankəndi şəhərində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il yarmarkası təşkil edilib. Yarmarkaya 40-a yaxın məhsul çeşidi çıxarılıb. Bu yarmarkalar həm fermerlər üçün alternativ satış imkanı yaradır, həm də əhalinin təbii, keyfiyyətli yerli məhsullara olan marağını və tələbatını qarşılamaq üçün bir vasitədir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin üzvü Faiq Hüseynov deyib.
O bildirib ki, əhalinin artan marağını nəzərə alaraq bu il “Kənddən şəhərə” Yeni il yarmarkalarının əhatə dairəsi xeyli genişlənib. Belə ki, dekabrın 20-dən başlayaraq Bakıda metronun “Gənclik” stansiyasının çıxışında, dekabrın 25-dən əlavə 7 metrostansiyanın çıxışında, həmçinin Sumqayıt şəhərində də “Kənddən şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb. Ümumilikdə yarmarkalarda 200-ə yaxın fermer 150-dən çox məhsul çeşidi ilə təmsil olunur. Bütün yarmarkalarda satış yeri, piştaxtalar, tərəzilər, digər zəruri avadanlıqlar pulsuz təşkil edilib.
“İnanırıq ki, “Kənddən şəhərə” Yeni il yarmarkaları həm əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının qarşılanmasına, həm fermerlərin satış imkanlarının genişlənməsinə, həm də ümumilikdə Yeni il ab-havasına rəng qatmağa öz töhfəsini verəcək”, – deyə Faiq Hüseynov bildirib.