AZ

Zakir İbrahimov: Qoruduğun qədər varsan, yaşatdığın qədər yaddaşlardasan

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı təqdimat mərasimində çıxış edərək layihənin əhəmiyyətindən danışıb.

Doğru.az xəbər verir ki, Zakir İbrahimov bildirib ki, bu təşəbbüs ölkənin zəngin biomüxtəlifliyinin, milli-mədəni irsinin və nadir fauna növlərinin təbliği məqsədi daşıyır. Onun sözlərinə görə, layihənin ərsəyə gəlməsində “Azərxalça” ASC ilə əməkdaşlıq xüsusi rol oynayıb və bu tərəfdaşlıq gələcəkdə də davam edəcək.

Çıxışda qeyd olunub ki, “AzerGold” yalnız qızıl və gümüş hasilatı ilə kifayətlənmir, eyni zamanda yerli xammal əsasında yüksək dəyərli son məhsulların istehsalı ilə “Made in Azerbaijan” brendinin təşviqinə töhfə verir. 2019-cu ildən bu günədək 13 qızıl və 9 gümüş kolleksiya istehsal olunub, bu istiqamətdə ölkə iqtisadiyyatına təxminən 92 milyon manat vəsait cəlb edilib.

Zakir İbrahimov vurğulayıb ki, şirkət ekoloji dayanıqlılığa xüsusi önəm verir və fəaliyyətini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qurur. Hasilat zonalarında minlərlə ağac əkilib, “Qırmızı Kitab”a daxil edilmiş bitki və heyvan növlərinin qorunması istiqamətində layihələr həyata keçirilib.

O, IDEA İctimai Birliyinin nadir fauna növlərinin mühafizəsi sahəsində gördüyü işləri xüsusi qeyd edərək, bu təşəbbüslərin beynəlxalq səviyyədə də diqqət çəkdiyini bildirib. Təqdim olunan sikkələr üzərində təsvir edilən ceyran, Qafqaz bəbiri və bezoar keçisinin nəsli kəsilmək təhlükəsi altında olan növlərdən olduğu vurğulanıb.

Çıxışın sonunda Zakir İbrahimov layihənin əsas mesajının “Qoruduğun qədər varsan, yaşatdığın qədər yaddaşlardasan” olduğunu bildirib və bu təşəbbüsün Azərbaycan təbiətinin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini qeyd edib.

DOĞRU.AZ

Seçilən
29
1
dogru.az

2Mənbələr