ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 dekabr, Tatyana İvanayeva, AZƏRTAC
Bu il “Yeni horizont” (“Новый горизонт”) bədii filmi 85 illiyini qeyd edir. Bakı kinostudiyasında çəkilmiş bu ekran əsəri kino xadimlərinin neft mövzusuna və peşə fəaliyyətlərini “qara qızıl”ın hasilatına həsr etmiş insanlara həsr olunub.
Azərbaycan kinematoqrafiyasının tarixi birbaşa neft mövzusu ilə bağlıdır. Belə ki, onun tarixi 1898-ci ildə bakılı fotoqraf Aleksandr Mixayloviç Mişonun “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” adlı xronika süjetlərini lentə alması ilə başlanır. Bir qədər sonra tamaşaçılara bu mövzuda yeni süjetlər də təqdim olunub. Belə ki, 1908-ci ildə “Neft mədənləri” sənədli filmi, 1920-ci ildə isə “Qazma və neft hasilatı” və “Neft” lentləri ekranlara çıxıb. 1916-cı ildə İbrahim bəy Musabəyovun əsəri əsasında ilk Azərbaycan bədii filmi – “Neft və milyonlar səltənəti” tamaşaçılara təqdim olunub. Bu, Azərbaycan kinosunun vizit kartına çevrilib və sovet dövründə dəfələrlə ekranlarda göstərilib.

AZƏRTAC daha əvvəl bugünkü yazının “qəhrəmanı” olan “Yeni horizont” filmindən on il sonra başlanmış “Bakı işıqları” filmi barədə də məlumat verib. Hər iki filmi birləşdirən cəhət ondan ibarətdir ki, süjetlərində neft hasilatı sahəsindəki istehsalat yenilikləri fonunda insan talelərinin bir-birinə qarışması əks olunur. 1930-cu illərdən başlayaraq gənc mütəxəssislərin diqqətini getdikcə daha çox neft sənayesi cəlb etməyə başlayıb. Bu proses qəhrəmanlıq zəhmətini əks etdirməyi, bu peşə sahiblərinə ehtiram göstərməyi qarşısına məqsəd qoyan gənc sovet kino sənayesində də vaxtaşırı öz əksini tapıb.
1940-cı ilin dekabr ayının sonunda ekranlara çıxan “Yeni horizont” filmi həmin dövr üçün mühüm mövzuya toxunsa da, açıq siyasi çalarlardan uzaq olub. Unutmaq olmaz ki, Avropada artıq “qəhvəyi taun” baş qaldırsa da, böyük sovetlər ölkəsinin insanları işıqlı gələcək qururdular. İmran Qasımovun yazdığı ssenaridə də məhz bundan bəhs olunur. Bu ssenari müəllif üçün kinematoqrafiyada ilk işi olmaqla yanaşı, kifayət qədər həssas bir məqama – inkişaf və axtarış prosesində gənc mütəxəssislərlə köhnə neft ustaları arasında yaranan mübahisələrə toxunurdu.

Qeyd edək ki, kinostudiya rəhbərliyinin xahişi ilə “Yeni horizont” filminin ssenarisi bir neçə variantda təqdim edilib. Variantlardan birində professor maskalanmış xarici kəşfiyyat agentinin əlində oyuncağa çevrilir və nəticədə baş verənlərin fəsadlarına tab gətirməyərək intihar edir. Lakin sonradan filmin istehsala başqa ssenari variantı üzrə buraxılması qərara alınıb.
Filmdə gənc alim Adil Kərimov neft sahəsində böyük nüfuza malik elmi rəhbər, professor Əhmədovla görüşə gedir. Adil hesab edir ki, quyuda suyun əlamətləri görünür və güclü təzyiq qəza ilə nəticələnə bilər, buna görə də qazma dayandırılmalıdır. O, həmçinin güman edir ki, bu ərazinin daha aşağı laylarında müxtəlif geoloji şəraitdə yerləşən yeni neft qatları mövcuddur. Məhz işlənməsində fərqli yanaşmalar tələb edən bu qatlar “yeni horizontlar” adlandırılır.

Geoloq Adil Kərimovun rolunu rejissor və Azərbaycan kinosunun ilk aktyorlarından olan İsmayıl Əfəndiyev canlandırıb. Professor Əhmədov obrazını o dövrdə Azərbaycan SSR-in əməkdar artisti olan, ordenli aktyor Rza Əfqanlı yaradıb. Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin partorqu Aslanov rolunda Azərbaycan SSR-in xalq artisti Ələsgər Ələkbərov çıxış edib və məsuliyyətli, işinə bağlı vəzifəli şəxs obrazı yaradıb. Xalq artisti Əli Qurbanov baş qəhrəmanın atası, buruq ustası Heydəri canlandırıb. Adilin anası rolunda Azərbaycan SSR-in əməkdar artisti Əzizə Məmmədova çəkilib. Professor Əhmədovun qızı Validəni teatr və kino aktrisası Sofa Bəsirzadə oynayıb. Şən Rubeni Mövsüm Sənani, trestin direktoru obrazını isə Azərbaycan SSR-in Əməkdar artisti Mustafa Mərdanov yaradıb. Ön cəbhəçi Rüstəm rolunda aktyor və rejissor Əlisəttar Məlikov çıxış edib. Yaddaqalan yumoristik tibb bacısı obrazını Vera Çavçavadze canlandırıb.

Qeyd etmək lazımdır ki, filmin qəhrəmanları arasındakı dialoqlar tamaşaçını neftçi dünyasına texnologiyaların özünəməxsus ab-hava qatdığı bir mühitə cəlb edir. Eyni zamanda, bu texnologiyaların real şəraitdə tətbiqi ağır zəhmətin və təhlükələrin amansızlığı ilə göstərilir. Filmin yalnız dar ixtisas sahəsi ilə məhdudlaşmaması üçün ssenariyə melodramatik və məişət süjet xətləri, eləcə də komik situasiyalar əlavə edilib. Baş qəhrəmanla onun rəqibi olan professorun qızı arasındakı lirik xətt, Adillə atası arasındakı mürəkkəb konflikt xüsusi yer tutur. Ruben obrazı isə rəngarənglik qatır. O, “Bəxtiyar” filmindən 15 il əvvəl mahnılar, o cümlədən xalq mahnıları ifa edən ilk kino-neftçi kimi yadda qalıb və fürsət düşəndə qeybət etməyi sevən tibb bacısı ilə zarafatlaşmağı da unutmur. Həkimlə tibb bacısı arasında sevginin mümkünsüzlüyü barədə dialoq isə o dövr üçün kifayət qədər cəsarətli səslənir.

Filmin operatorları – sənədli filmləri ilə də tanınan Muxtar Dadaşov və Fyodor Novitskinin peşəkarlığı diqqətdən yayınmır. Onların assistenti sonralar tanınmış operator olan Teyyub Axundov idi. Quruluşçu rəssam Qasım Səlimxanov, bəstəkar Niyazi, mahnının sözlərinin müəllifi Əliağa Vahid olub. Rejissorun assistentləri Lətif Səfərov və Məmməd Əlili, montaj üzrə assistent isə sonralar məşhurlaşan Zeynəb Kazımova idi. Dövrün ənənəsinə uyğun olaraq film eyni vaxtda Azərbaycan və rus dillərində çəkilib.
Bugünkü tamaşaçı baxımından, rejissorlar Qriqori Braqinski və ilk tammetrajlı filmi olan “Yeni horizont”u ərsəyə gətirən Ağarza Quliyevin bu işi sovet kinematoqrafiya təhsilinin izini daşıyır. Bununla belə, ekran əsərində dövrün Bakısı əks olunub ki, bu da filmi tarixi sənəd kimi maraqlı edir. Çəkilişlərin bir hissəsi pavilyonlarda və kombinə olunmuş üsullarla aparılsa da, real kadrlar neftin yeni üfüqlər açdığı dövrlərin izini və ruhunu daşıyır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.