AZ

“SÜLH PROSESİNƏ MANE OLAN QÜVVƏLƏR VAR” “Alternativi qarşıdurmadır...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tofiq Zülfüqarov: “Moskvanın Ukrayna müharibəsi fonunda yaşadığı daxili siyasi çətinliklər Azərbaycanla əlaqələrə də təsir edib”

“2025-ci il Azərbaycan üçün həm siyasi irəliləyişlər, həm də ciddi çağırışlarla yadda qaldı. Bu il ərzində Ermənistanla sülh gündəliyi, Qərblə münasibətlərin normallaşması, Rusiya ilə gərginlik, Çin və Mərkəzi Asiya istiqamətində yeni formatlar, eləcə də regional təhlükəsizlik məsələləri ön plana çıxdı”.

“AzPolitika” bildirir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov “Minval”a müsahibəsində deyib.

Keçmiş nazir bildirib ki, 2025-ci ildə postmünaqişə prosesi davam edib, sülh sazişi mətninin razılaşdırıldığı elan olunub və avqust ayında Vaşinqtonda əldə edilən razılaşmalar sülh gündəliyinin sürətlənməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, ABŞ administrasiyasının prosesə verdiyi dəstək həm Azərbaycan, həm də Ermənistan üçün spesifik əhəmiyyət daşıyır və ikitərəfli münasibətlərin irəliləməsinə təkan verir.

Tofiq Zülfüqarov qeyd edib ki, Vaşinqton görüşünün əsas üstünlüyü ondan ibarətdir ki, daha əvvəl əldə olunmuş razılaşmalar ABŞ tərəfindən müəyyən siyasi dəstək və “pressinq” qazanıb. Bu proses ABŞ-ın bir çox ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirdiyi mürəkkəb bir dövrə təsadüf edib. Onun fikrincə, Azərbaycan və Ermənistan üçün bu irəliləyiş regionda müsbət tendensiyalar yaradıb.

Sabiq XİN rəhbəri Vaşinqton görüşünü tənqid edənlərin “ABŞ hazır prosesə qoşuldu” fikri ilə razılaşmadığını deyib. O bildirib ki, əvvəlki ABŞ administrasiyası da danışıqlar üçün müsbət mühit formalaşdırmağa çalışıb, lakin demokratlar dövründə erməni diasporunun təsiri bu səylərin nəticə verməsinə imkan verməyib. Avqust ayında isə bu səylər real nəticə ilə yekunlaşıb.

T.Zülfüqarov vurğulayıb ki, proses hələ tamamlanmayıb: “Sənədin paraflanması mühüm addımdır, lakin Ermənistanın siyasi arsenalında qalan normativ-hüquqi problemlərin aradan qaldırılması hələ də aktualdır və Azərbaycan bu xəttin davam etdirilməsində israrlıdır. Ermənistanın aqressiyası təkcə hərbi deyil, həm də normativ sənədlər, iqtisadi, siyasi və təbliğat müstəvisində özünü göstərib. Bu səbəbdən “aqressiya və anneksiya siyasəti”nin tam sökülməsi zəruridir və bu gün də aktuallığını qoruyur”.

Sabiq nazir təəssüflə bildirib ki, sülh prosesinə mane olan üçüncü qüvvələr mövcuddur. O, bu kontekstdə Rusiyadan olan bəzi təbliğatçıları və Ermənistan–Aİ münasibətləri ilə bağlı hazırlanmış sənəddə Azərbaycanın narazılığına səbəb olan müddəaları qeyd edib. T.Zülfüqarovun fikrincə, bu cür paralel addımlar sülh gündəliyinin gələn il də ciddi şəkildə müdafiə olunmasını zəruri edir.

O xatırladıb ki, qarşıdan gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və mövcud hakimiyyət sülh kursunun seçicilər tərəfindən dəstəkləndiyini sübut etməli olacaq. T.Zülfüqarov bildirib ki, regionda getdikcə daha çox insan sülhün alternativinin olmadığını anlayır, çünki alternativ yalnız itkilər və qarşıdurmadır.

Sabiq XİN rəhbəri 2025-ci ildə Azərbaycan əsgərlərinin həlak olmamasını real sülh əlaməti kimi qiymətləndirib, lakin bu sülhün sənədlərlə möhkəmləndirilməsinin, düşmənçilik təbliğatının dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sülh təkcə kağız üzərində deyil, insanların düşüncəsində də formalaşmalıdır.

“Orta Asiya + Azərbaycan” formatına münasibət bildirən sabiq XİN rəhbəri qeyd edib ki, bu təşəbbüs Türk Dövlətləri Təşkilatı ilə uzlaşır və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. O, Azərbaycanın və Gürcüstanın regionda əsas tranzit qapısı rolunu oynadığını və bu formatın geosiyasi baxımdan ciddi əhəmiyyət daşıdığını deyib.

Rusiya ilə münasibətlərə toxunan Tofiq Zülfüqarov bildirib ki, Moskvanın Ukrayna müharibəsi fonunda yaşadığı daxili siyasi çətinliklər Azərbaycanla əlaqələrə də təsir edib. Onun sözlərinə görə, Bakı bütün proseslərdə beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq eskalasiyanın qarşısını almağa çalışıb və bu xətt gələcəkdə də davam etdiriləcək.

Müdafiə xərclərinin optimallaşdırılması məsələsinə münasibət bildirən sabiq nazir vurğulayıb ki, Azərbaycan heç bir qonşusu üçün təhdid yaratmaq niyyətində deyil və əsas məqsəd təhlükəsizliyin təmin olunmasıdır. Onun fikrincə, regionda vəziyyət nəzərə alınaraq bu qərarlar bütün risklər hesablanmaqla verilir.

Gürcüstanla tarif mübahisələrinə toxunan Tofiq Zülfüqarov isə bu məsələnin siyasi yox, iqtisadi xarakter daşıdığını deyib. O bildirib ki, Azərbaycan Gürcüstan üçün etibarlı tərəfdaşdır və bütün bu məsələlərin dialoq yolu ilə asanlıqla həll ediləcəyi qənaətindədir.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr