AZ

“Qaçqınlar” hələ 3-4 ay da gözləməli olacaq - SON XƏBƏR

Mövsümə “qaçqın” statusu ilə başlayan Premyer Liqanın 4 komandasından 2-si ilk yarının gedişində “ev”ə yığışdı.

“Turan Tovuz”la “Karvan-Yevlax” rəqiblərini öz meydanında qəbul etməyə başlayıbsa, “Kəpəz”lə “İmişli” hələ də qapılarda qalıb.

“İmişli”nin durumu məlumdur. Cari mövsümün sonuna qədər yaxşı heç nə görünmür. Yaydan bu yana İmişlidəki stadionda heç bir iş görülməyib. Ümid qalır növbəti mövsümə.

“Kəpəz”in yenilənmiş Gəncə stadionuna qayıdışı isə fevral ayında baş tutmalıydı. Ölkəmizdə keçirilən MDB oyunları ilə əlaqədar yenidən qurulan tarixi arenanın ot öryününün gələn ilin ilk aylarına qədər hazırlanması nəzərdə tutulmuşdu.

Ancaq yox. Proses bir qədər yubanacaq.

Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbərliyi stadionun qazonunun salınması ilə bağlı işləri 2026-cı ilin yanvar ayında başlamaq niyyətindədir.

Belə olacağı təqdirdə azı 3 ay gözləmək lazım gələcək. Bəlkə də bir az da çox.

Odur ki, gəncəli azarkeşlər “Kəpəz”in doğma şəhərdəki oyunlarını canlı izləmək üçün aprel-may aylarını gözləməlidir. İlin ilk 3 ayında hava şəraiti əlverişli olsa, mart ayına çatdırmaq mümkündür. Lakin bu, o qədər də inandırıcı görünmür.

Maraq üçün bildirək ki, didərgin qalan “Kəpəz” bir müddət Qəbələdə nominal meydan sahibi kimi çıxış edəndən sonra Yevlax şəhər stadionuna sığınıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr